Dambrauskas "Sabah"ın Çempionlar Liqasındakı uğurundan danışdı

28 İyul 2026 21:49
110
Dambrauskas "Sabah"ın Çempionlar Liqasındakı uğurundan danışdı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandasının UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis "KuPS"la cavab oyunundan sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin qazandığı nəticənin böyük əhəmiyyət daşıdığını bildirib.

Dambrauskas komandasını, azarkeşləri və Azərbaycan futbol ictimaiyyətini təbrik edib:

"Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə yüksəlməsi tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. "KuPS" azarkeşləri də komandaları ilə fəxr edə bilərlər".

Baş məşqçi qarşılaşmanın ilk hissəsində rəqibin daha üstün olduğunu vurğulayıb. Onun sözlərinə görə, fasilədə edilən dəyişikliklərdən sonra komanda oyunun gedişatını dəyişməyi bacarıb.

"İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. İlk yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nəyi dəyişməli olduğumuzu müzakirə etdik. İkinci hissədə daha yaxşı oynadıq və qol vurduqdan sonra təşəbbüsü tamamilə ələ aldıq", - deyə Dambrauskas bildirib.

Mütəxəssis əlavə edib ki, komanda artıq növbəti mərhələyə hazırlaşmalıdır:

"İki oyunun nəticəsinə görə mərhələ keçdiyimiz üçün çox məmnunam. İndi Bakıya qayıdıb növbəti qarşılaşmaya hazırlaşmalıyıq. Avrokuboklar böyük güc tələb edir".

Qeyd edək ki, "Sabah" "KuPS"u iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə məğlub edib (1:0, 2:0). Bakı klubu bununla ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edib.

İdman.Biz