UEFA FIFA-nın kommersiya hüquqlarının satışı planını tənqid etdi

28 İyul 2026 21:27
102
UEFA FIFA-nın kommersiya hüquqlarının satışı planını tənqid etdi

UEFA FIFA-nın turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına qarşı çıxıb.

İdman.biz "The Guardian"a istinadən xəbər verir ki, UEFA FIFA-nın bu təşəbbüsünu sərt şəkildə tənqid edib:

"Bu, futbolun idarəedici qurumlarının heç vaxt keçməməli olduğu sərhəddir. UEFA bu məsələyə son dərəcə ciddi yanaşır. Eyni münasibəti bütün milli assosiasiyalar, liqalar, klublar, futbolçular, azarkeşlər və oyunun gələcəyinə əhəmiyyət verən hər kəs göstərməlidir.

Futbolun idarəçiliyinin ruhu və prinsipləri satış üçün aktiv deyil. Xüsusilə də maliyyə faydasını kimin əldə edəcəyi tam şəffaf olmadığı halda. Heç birimiz futbolun sahibi deyilik. FIFA ona məxsus olmayan şeyi sata bilməz".

Qeyd olunur ki, FIFA prezidenti Canni İnfantino bütün turnirləri, o cümlədən dünya çempionatını əhatə edən media və sponsorluq hüquqlarının bir hissəsini yeni kommersiya strukturuna ötürməyi planlaşdırdığını açıqlayıb.

Bildirilir ki, FIFA ABŞ-ın "JPMorgan" bankı ilə birlikdə FIFA Forward Enterprise (FFE) adlı yeni şirkət yaratmaq üzərində işləyir. Bu struktur kişi və qadın dünya çempionatları, eləcə də klublararası dünya çempionatının kommersiya hüquqları hesabına yüz milyonlarla dollar investisiya cəlb etməlidir.

FIFA bildirir ki, əldə olunan vəsaitlərin 10 milyard dollardan çox hissəsi 211 milli futbol assosiasiyası arasında bölüşdürüləcək.

Canni İnfantino bu planın futbolun kommersiya tərəfinin daha səmərəli idarə olunmasına və gəlirlərin daha ədalətli şəkildə paylanmasına imkan verəcəyini deyib.

İdman.Biz