PSJ "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini(Rodriqo Ernandes Kaskante) heyətinə qatmaq istəyir.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi futbolçunun agenti ilə əlaqə saxlamaq barədə göstəriş verib.
Bildirilib ki, PSJ bu addımla "Real"dan qisas almağı planlaşdırır. Səbəb isə Madrid klubunun "Leypsiq"in hücumçusu Yan Diomandenin transferində Paris təmsilçisini qabaqlaması olub.
Fil Dişi Sahili millisinin üzvü "Real"a keçməzdən əvvəl PSJ ilə müqavilə imzalamağa yaxın idi.
Rodri ötən mövsüm bütün turnirlərdə "Mançester Siti"nin heyətində 33 oyunda iştirak edib, 2 qol vurub. İspaniyalı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalının məlumatına görə, 30 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.
