17 yaşlı Qazaxıstan millisinin hücumçusu Dastan Satpayevin Londonun "Çelsi" klubunda uğurlu debütü Britaniyanın BBC Sport nəşrinin diqqət mərkəzində olub.
İdman.Biz xəbər verir ki, Satpayev "Vestern Sidney Uonderers"ə qarşı keçirilən yoldaşlıq oyununa start heyətində başlayıb və matçın cəmi 6-cı dəqiqəsində hesabı açıb. "Çelsi" rəqibini 6:4 hesabı ilə məğlub edib. Qazaxıstanlı hücumçu bununla da Xabi Alonsonun rəhbərliyi altında komandanın ilk qolunun müəllifi olub.
BBC Sport yazır ki, "Joao Pedrodan başqa diqqətçəkən futbolçular çox olmadı, lakin Dastan Satpayev onlardan biri idi. 17 yaşlı hücumçu Alonso dövrünün ilk qolunu möhtəşəm şəkildə vuraraq artıq altıncı dəqiqədə fərqləndi".
Britaniya nəşri Satpayevin oyun keyfiyyətlərini də xüsusi qeyd edib.
"Sürətli, cərimə meydançasında çevik hərəkət edən və nisbətən alçaqboylu Satpayev oyun üslubuna görə tez-tez Argentina millisinin və "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero ilə müqayisə olunur", - deyə məqalədə bildirilir.
Satpayevin uğurlu çıxışı fonunda BBC Sport "Çelsi"nin digər hücumçusu Liam Delapın çıxışına da toxunub. London klubu onu 2025-ci ilin yayında "İpsviç"dən 30 milyon funt sterlinq qarşılığında transfer etmişdi:
"Nəticədə start heyətinin digər hücumçusu Liam Delap yenə çətinlik yaşadı. O, "Çelsi"yə 30 milyon funt sterlinqə transfer olunduqdan sonra keçirdiyi demək olar ki, bütün oyunlarda olduğu kimi, bu dəfə də özünü göstərə bilmədi. Görünür, Delap özünəinam problemi yaşayır və artıq onun satılması da istisna edilmir".
"Çelsi"nin baş məşqçisi Xabi Alonso da Satpayevin oyununu yüksək qiymətləndirib:
"Mən Dastanı hələ Almatıdan tanıyıram. O, topla təhlükəli futbolçudur, daxili koridorlara uğurlu hücumlar edir və cinahdan mərkəz hücumçusu mövqeyinə keçəndə rəqib üçün ciddi təhlükə yaradır. Həqiqətən güclü və sürətli oyunçudur. Dastan məndə çox yaxşı təəssürat yaratdı".
Bununla belə, Alonso Satpayevin mövsüm ərzində əsas komandada qalacağını təsdiqləməyib.
"Biz hələ qərar verməliyik".
