Məşhur italiyalı mütəxəssis Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi təyin edilib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Əvvəllər yığmanın baş məşqçisi postuna Andrea Pirlonun gətiriləcəyi bildirilsə də, onun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı səbəbindən bu təyinat baş tutmayıb. Bundan sonra İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini və texniki direktorun müşaviri Leonardo vəzifələrindən ayrılıblar.
61 yaşlı Mançini 2018-2023-cü illərdə də İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında "Skuadra Adzurra" 2021-ci ildə Avropa çempionu olub, 2021 və 2023-cü illərdə UEFA Millətlər Liqasında bürünc medal qazanıb. Həmçinin komanda həmin dövrdə milli yığmalar arasında 37 oyunluq məğlubiyyətsizlik seriyası ilə rekord müəyyənləşdirib. Bu göstərici daha sonra İspaniya millisi tərəfindən 38 oyuna yüksəldilib. Bununla belə, Mançini İtaliya yığmasını 2022-ci il dünya çempionatının final mərhələsinə çıxara bilməyib.
İtaliya millisindən ayrıldıqdan sonra təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanı yığmasını, daha sonra isə Qətərin "Əl-Sədd" klubunu çalışdırıb.
Mançini məşqçilik karyerası ərzində "Fiorentina", "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit" klublarında da işləyib. O, "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və Superkubokunun qalibi olub. "İnter"lə isə üç dəfə İtaliya çempionluğu, iki dəfə ölkə kuboku və iki dəfə İtaliya Superkubokunu qazanıb.
Futbolçu karyerasında "Bolonya", "Sampdoriya", "Latsio" və İngiltərənin "Lester" klublarının formasını geyinən Mançini İtaliya millisinin heyətində 1990-cı il dünya çempionatının bürünc mükafatçısı olub. O, həmçinin 1988-ci il Avropa çempionatında iştirak edib.
