Bolqarıstanlı futbol mütəxəssisi və “CSKA Sofia” klubunun keçmiş yarımmüdafiəçisi Georgri Georgiyev Avropa Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda “Qarabağ” və “CSKA Sofia” klubları arasında qolsuz heç-heçə ilə başa çatan görüşlə fikirlərini bildirib.
İdman.Biz ”Tema Sport”a istinadən xəbər verir ki, 1988-1991 və 1996-cı illərdə “CSKA Sofia”nın formasını geyinmiş bolqar “Qarabağ”ı məğlub edəcəklərinə inandığını deyib:
““CSKA Sofia” məni Azərbaycanda xoş təəccübləndirdi, çünki onlar yaxşı oynadılar. İndi qarşıda daha çətin vəzifə var, Sofiyadakı cavab oyunu. Məncə, biz də eyni şəkildə, bəlkə də bir az daha aqressiv oynamalıyıq, çünki “Qarabağ”ın o qədər də güclü olmadığı gördük. Sadəcə media onları çox şişirdib, inanılmaz dərəcədə qorxulu təqdim etmişdi. Amma mən qorxulu bir şey görmədim. Onların üç-dörd yaxşı oyunçusu var və bu qədər. Ümumilikdə, matç bərabər səviyyədə keçdi, hətta bəzən “CSKA Sofia” üstünlük qazanırdı.
Cavab oyununda qalib gəlməliyik. Bu, gələcək və Avropada uzun bir payız üçün perspektivlər açacaq. 0:0 və ya 1:1 hesablı heç-heçə üçün oynamağa ehtiyac yoxdur. Çünki “Qarabağ” təzyiq altında çoxlu səhv etdiyini göstərdi. “CSKA Sofia”nın çoxlu analitiki var və onlar həmçinin azarkeşlərdən çox dəstək alacaqlar. Ümid edirəm ki, qalib gələcəklər”.
