Avropanın aparıcı klublarında, o cümlədən "Mançester Yunayted"də çıxış etmiş Xavyer Ernandes karyerasını ABŞ-də davam etdirəcək.
İdman.Biz ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Meksika millisinin tarixinin ən çox qol vuran futbolçusu olan 38 yaşlı hücumçu "Atletiko Dallas"la iki illik müqavilə imzalayıb.
Razılaşmaya əsasən, tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti daha bir mövsüm uzadıla bilər.
Ernandes karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", "Bayer", "Vest Hem", "Sevilya", "Los-Anceles Qalaksi", "Çivas" və "Katar SC" kimi klublarda çıxış edib. O, Meksika millisinin heyətində keçirdiyi 109 oyunda 52 qol vuraraq yığmanın tarixinin ən yaxşı bombardiri adını qazanıb.
Qeyd edək ki, "Atletiko Dallas" 2027-ci ildən etibarən ABŞ-nin ikinci ən güclü futbol liqası hesab olunan USL-də çıxış edəcək.
