“Artıq bilirsiniz ki, futbol üzrə 2026 Dünya Çempionatının bəzi oyunları Azərbaycan azarkeşləri üçün əlverşisiz vaxta təsadüf edir. Bunu nəzərə alaraq, İctimai Televiziya həmin oyunların günorta saatlarında təkrar yayımını nəzərdə tutur”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov deyib.
K.Hakimov əlavə edib ki, İctimai Televiziya xüsusi proqram vasitəsi ilə qruplarda baş tutan bütün oyunların icmalını futbol ictimaiyyətinə təqdim edəcək.
View this post on Instagram
“Oyunların icmalları da günorta saatlarına təsadüf edəcək. Biz tamaşaçıların istəklərini nəzərə almışıq və azarkeşlərə söyləmək istəyirik ki, İctimai Televiziya gecə və sübh saatlarında baş tutacaq oyunların təkrar yayımını həyata keçirəcək”, - deyə Kənan Hakimov bildirib.
Məlumat üçün əlavə edək ki, FIFA 2026-cı il Dünya Çempionatının oyunları Şimali Amerikadakı zaman qurşaqlarına görə Azərbaycan vaxtı ilə əsasən axşam, gecə və səhər saatlarına təsadüf edəcək.
Qeyd edək ki, qarşılaşmaların başlanma vaxtları təxminən 20:00-dan səhər 08:00-a qədər dəyişir.

