İtaliyanın “Komo” futbol klubunun baş məşqçisi Sesk Fabreqas ailəsində tətbiq etdiyi sərt qayda ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Corriere della Sera”ya müsahibəsində uşaqların telefondan və sosial şəbəkələrdən istifadəsi barədə danışıb.
Keçmiş yarımmüdafiəçi müasir dövrdə uşaqların boş vaxtının böyük hissəsinin iPad, telefon və sosial şəbəkələr tərəfindən “ələ keçirildiyini” bildirib. Onun sözlərinə görə, bu, uşaqlarda həm real həyatdan uzaqlaşma, həm də diqqət dağınıqlığı yaradır.
Fabreqas 13 yaşlı qızına hələ də telefon almadığını deyib. O bildirib ki, qızı sinfində telefonu olmayan yeganə şagirddir:
“Qızım buna görə əsəbiləşir, amma mən mövqeyimdə qalıram. 16-17 yaşına qədər onun telefonu olmayacaq. Nə “Instagram”, nə “X”, nə də digəriləri. Mən onun yeniyetməlik dövrünü qorumağa çalışıram”.

İspaniyalı məşqçi uşaqların texnologiyadan tamamilə uzaq saxlanılmasının tərəfdarı olmadığını, lakin bunun şüurlu şəkildə istifadə edilməli olduğunu vurğulayıb. Fabreqasın fikrincə, telefon uşağın həyatındakı vaxtı “yeməməli”, əksinə, nəzarətli və faydalı vasitə kimi qalmalıdır.
O, öz uşaqlıq illərini də xatırladıb. Fabreqas bildirib ki, yay aylarında nənə-babasının yanında qalarkən gününün böyük hissəsini həyətdə futbol oynamaqla keçirib. Onun sözlərinə görə, o dövr uşaqlara azadlıq, yaradıcılıq və sevinc hissi verirdi.
Fabreqas bildirib ki, bəzi gənc futbolçular uzun müddət diqqətlərini bir mövzuya yönəldə bilmir, səhvlərə həddən artıq emosional yanaşır və telefonlardan asılı vəziyyətə düşürlər.
Mütəxəssis məşqçi kimi komanda daxilində sevinc və birlik hissini artırmağa çalışdığını qeyd edib. Fabreqasın sözlərinə görə, debüt, qol, ad günü və kiçik uğurlar belə qeyd olunmalıdır. Çünki futbolçular gördükləri işin dəyərini və kollektiv ruhunu hiss etməlidirlər.
Fabreqas sosial şəbəkələrin futbol mühitinə təsirindən də narazılığını bildirib. Onun sözlərinə görə, bu platformalarda artıq oyunun özü yox, daha çox təhqir və sərt tənqidlər ön plana çıxır:
“Sosial şəbəkələr həmişə hər şeyi və hər kəsi ləkələməyə çalışır. Artıq futboldan danışmırlar, sadəcə təhqir edirlər. Bir pis oyun kifayətdir ki, artıq heç kim sayılırsan. Hər şey çox sürətli və amansızdır”.
“Komo”nun baş məşqçisi uşaq futbolunda da nəticə təzyiqinin artmasından narahat olduğunu vurğulayıb. Fabreqas bildirib ki, uşaqlar üçün futbol ilk növbədə sevinc və ünsiyyət vasitəsi olmalıdır:
“Uşaq oyunlarına baxanda belə məyus oluram. Bəzi komandalar yalnız qələbə, qayda pozuntusu və nəticə barədə düşünür. Məşqçilər uşaqlara qışqırırlar: “Qaç, hücum et, dörd-dörd-iki düzül!” Halbuki uşaqlar üçün futbol sevinc və ünsiyyət olmalıdır. Meydanda danışmaqdan yaxşı taktika yoxdur”.
Qeyd edək ki, Sesk Fabreqas futbolçu karyerası ərzində “Arsenal”, “Barselona”, “Çelsi” və “Monako” kimi klublarda çıxış edib.
