Azər Bağırovdan “Şamaxı” açıqlaması: “Hədəf oturuşmuş heyətdir” - MÜSAHİBƏ

10 İyun 2026 17:13
82
Azər Bağırovdan “Şamaxı” açıqlaması: “Hədəf oturuşmuş heyətdir” - MÜSAHİBƏ

“Əsas məqsəd yaxşı komanda formalaşdırmaq, xüsusilə yerli futbolçuların inkişafına daha çox diqqət ayırmaq və oturuşmuş heyət yaratmaqdır”.

Bunu “Şamaxı” klubunun yeni baş məşqçisi Azər Bağırov report.az-a müsahibəsində deyib.

Mütəxəssis komandadakı dəyişikliklər, yeni mövsümlə bağlı hədəflər, Qəbələ toplanışı barədə danışıb.

Həmin müsahibəni təqdim edirik.

- “Şamaxı”dan ayrılan futbolçuların sayı çoxdur və heyətdə ciddi dəyişikliklər baş verib. Heyətin yenidən qurulması prosesi necə təşkil olunacaq və öncə nədən başlayacaqsınız?

- Ötən mövsüm Ayxan Abbasovun başçılığı altında komanda yaxşı oyunlar sərgilədiyi üçün futbolçuların bir çoxuna yaxşı təkliflər gəlmişdi. Oyunçuların böyük hissəsi mənim gəlişimdən əvvəl klubdan ayrılmışdı. Bəzi futbolçulara ikiqat artıq maaş təklif olunmuşdu. Bu, klubun strategiyası və büdcəsi üçün çox yüksək məbləğdir. Hazırda müəyyən olunmuş büdcə var və bu çərçivədə futbolçuları dəvət edirik. İnkişaf üçün strategiyamız mövcuddur. Düşünürəm ki, öhdəsindən gələcəyik və yaxın zamanlarda transferlərə başlayacağıq. Təkliflərimizdən imtina edənlər də olur, danışıqları davam etdirdiyimiz oyunçular da var. Tezliklə heyətə yeni qoşulanlar olacaq.

- Komanda ötən mövsümü 38 xalla 8-ci pillədə başa vurub. Növbəti mövsüm üçün rəhbərlik tərəfindən qarşıya qoyulan əsas hədəflər hansılardır?

- Əsas məqsəd yaxşı komanda formalaşdırmaq, xüsusilə yerli futbolçuların inkişafına daha çox diqqət ayırmaq və oturuşmuş heyət yaratmaqdır. “Şamaxı” Azərbaycan çempionatında yerli futbolçuların inkişafında mühüm rol oynayır. Biz də bu strategiyanı davam etdirəcəyik.

- Komandaya hansı oyun üslubunu və ya hansı taktikaya əsaslanan futbolu aşılamağı planlaşdırırsınız?

- 4-2-3-1 sisteminə üstünlük veriləcək. Daha çox rəqib meydanında pressinq tətbiq etməyə, dominant futbol oynamağa çalışacağıq. Zaman futbolçuların bu sistemə nə qədər tez uyğunlaşacağını göstərəcək. Düşünürəm ki, onlar tez bir zamanda uyğunlaşacaqlar.

- Yeni transferlərlə bağlı planlar necədir, heyətə neçə legioner və yerli futbolçu dəvət olunacaq?

- Bu, tamamilə klubun büdcəsindən asılı olacaq. Müəyyən olunmuş büdcəni aşmamaq şərtilə hərəkət edirik. Rəhbərlik mənə böyük etimad göstərərək bu məsələdə sərbəstlik verib. Amma hər bir addımı planlı şəkildə atmalıyıq ki, qərarlar Azərbaycan futbolu və xüsusilə “Şamaxı” üçün xeyirli olsun.

- “Şamaxı”nın yay hazırlıq planı artıq müəyyənləşib. Qəbələ toplanışında yoxlama oyunları keçirmək istədiyiniz xarici klublar varmı?

- Toplanış iki hissədən ibarət olacaq. İlk on gün ərzində hazırlıq prosesinə üstünlük veriləcək. Növbəti on gündə isə daha çox yoxlama oyunları keçiriləcək. Qəbələdə təlim-məşq toplanışı çərçivəsində yerli və ya xarici klublarla 4 oyun keçirməyi planlaşdırırıq. Hazırda bəzi xarici klublarla ilkin danışıqlar aparılıb. Sadəcə, oyun günlərinin proqramımızla üst-üstə düşməsini gözləyirik. Tam plan təqdim olunub. Yəqin ki, 3 və ya 4 günə hər şey dəqiqləşəcək. Toplanış dövründə orada aşağı yaş qruplarından ibarət yığmalar və bəzi ərəb klubları da olacaq. Eyni zamanda, bir çox yerli komandanın da düşərgəsi Qəbələdə qurulacaq.

- Toplanış üçün xaricə getməmək sırf büdcə ilə bağlıdır?

- Bəli, bu həm də büdcə ilə əlaqəlidir. Gürcüstan variantı da var idi. Bəlkə gələcəkdə toplanışlarımız ölkə xaricində təşkil olunacaq. Lakin hazırda ilk mərhələ üçün hazırlığı ölkə daxilində keçmək daha məntiqəuyğundur.

- “Şamaxı”nın aşağı yaş qrupları üzrə komandalarının vəziyyəti o qədər də qənaətbəxş deyil. Rəhbərliklə aşağı yaş qrupları barədə nələri müzakirə etmisiniz?

- Aşağı yaş qruplarından ibarət komandalar barədə ilkin məlumatlarım var. Lakin bütün işləri birdən-birə görmək qeyri-mümkündür. Klubla 3 illik müqaviləm var. İlk növbədə əsas komandanı formalaşdırmaq və inkişaf yolunu müəyyənləşdirmək lazımdır. Bundan sonra tədricən aşağı yaş qruplarına da diqqət yetiriləcək. Hər şey mərhələli şəkildə idarə olunmalıdır.

- Şamaxıdakı infrastruktur və yerli azarkeşlər barədə nə düşünürsünüz? Son mövsümdə bəzi komandalar ev oyunlarını məhz Şamaxı şəhər stadionunda keçirdilər.

- Şamaxıdakı infrastrukturla yaxından maraqlanmışam, hazırda vəziyyət çox yaxşıdır. Düşünürəm ki, artıq bəzi komandalar öz stadionlarında oynayacaqlar. Məşq prosesi ilə bağlı çətinliyimiz yoxdur. İnanıram ki, klubu sevən hər bir azarkeş həm yaxşı, həm də çətin günlərdə komandanın yanında olacaq və uğura birlikdə addımlayacağıq.

- “Kəpəz”i Misli Premyer Liqasında saxlamağınıza baxmayaraq, yollar ayrıldı. Səbəb nə idi?

- “Kəpəz”dən müqavilə təklifi gəlmişdi, lakin məni narahat edən bəzi qeyri-müəyyənliklər var idi. Mövcud vəziyyətdə “Şamaxı”nın təklifi mənə daha cəlbedici göründü. Maliyyə tərəfini müqayisə etmək istəmirəm, Gəncə klubunda təklif olunan məbləğ daha yüksək idi. Lakin hər şey maliyyə ilə ölçülmür. İnanıram ki, düzgün qərar vermişəm.

- Gəncədə təzyiqin çox olduğu deyilir. Bu amil qərarınıza təsir etdi?

- Xeyr, əksinə, mən orada çox rahat idim, təzyiq yox idi. Komandanı təhvil alanda 6 məğlubiyyətlə 12-ci pillədə qərarlaşmışdı. Gəlişimdən sonra müəyyən səbəblərdən bəzi oyunçular komandadan uzaqlaşdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə nail olduq və komandanı pley-off oyunları olmadan Premyer Liqada saxladıq. Gəncədə hər şey ürəyimcə idi. "Kəpəz" azarkeşlərinə və futbolsevərlərə uğurlar arzulayıram. İki il orada işlədim və heç bir çətinliyim olmadı. Orada çox dostlar qazandım. Bir çox insan tanıdım və sevdim. Ötənilki gedişimə bəzi xoşagəlməz hallar səbəb olsa da, bu dəfə klubdan xoş təəssüratlarla ayrıldım.

İdman.Biz