Rüstəm Məmmədov: “Maliyyə problemlərinə görə ayrıldım”

27 İyul 2026 17:51
101
Rüstəm Məmmədov: “Maliyyə problemlərinə görə ayrıldım”

“Bunun bir neçə səbəbi var. Əsas problem klubun maliyyə vəziyyəti və rəqabətədavamlı heyət formalaşdırmaq imkanının olmaması idi. Yeni mövsümdə komandada perspektiv görmədiyim üçün ayrılmaq qərarına gəldim və bu barədə rəhbərliklə danışdım. Qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

Bu sözləri “Zaqatala” futbol klubunun sabiq baş məşqçisi Rüstəm Məmmədov deyib.

Mütəxəssis komandadan ayrılmasının əsas səbəbi kimi malyyə çatışmazlığını qeyd edib.

“Sponsorun olmaması işimizi xeyli çətinləşdirir. Futbolda uğur qazanmaq üçün maliyyə əsas amillərdən biridir. Maddi imkan olmayanda iddialı komanda qurmaq da mümkün deyil. Mən də bütün bunları nəzərə alaraq ayrılmağın daha doğru qərar olduğunu düşündüm. Hazırda başqa klublardan konkret təklif almamışam. Qərar yeni verildiyi üçün bu istiqamətdə hələ heç bir yenilik yoxdur. “Zaqatala” məni saxlamaq istəyirdi, amma gələcəklə bağlı perspektiv görmədiyim üçün ayrılmağı lazım bildim. Rəhbərliyə, məşqçilərə və futbolçulara uğurlar arzulayıram. Ümid edirəm ki, komanda yeni mövsümdə də liqadakı yerini qoruyacaq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

İdman.Biz