“Mançester Yunayted”də kütləvi ayrılıq: Altı futbolçu gedir

10 İyun 2026 16:07
94
“Mançester Yunayted”də kütləvi ayrılıq: Altı futbolçu gedir

İngiltərənin “Mançester Yunayted” futbol komandasında ayrılacaq futbolçuların siyahısı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, “qırmızı şeytanlar” yay transfer dönəmi ərəfəsində altı oyunçu ilə yollarını ayıracaq.

Siyahıda ən diqqətçəkən adlar Kazemiro, Ceydon Sanço və Tayrell Malasiadır. Hər üç futbolçunun müqavilə müddəti başa çatdığı üçün klubdan ayrılacağı bildirilir.

Ceydon Sançonun gedişi “Mançester Yunayted” üçün xüsusi diqqət çəkir. İngiltərəli vinger 2021-ci ildə Dortmund “Borussiya”sından 75 milyon funt sterlinqə (168 milyon AZN) transfer olunmuşdu. Lakin o, İngiltərə nəhəngində gözlənilən sabit çıxışı göstərə bilməyib.

Kazemiro isə 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçmişdi. Braziliyalı yarımmüdafiəçi komandada Liqa Kuboku və İngiltərə kubokunun qalibi olub.

Tayrell Malasia da 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinirdi. Niderlandlı müdafiəçi zədələr səbəbindən son mövsümlərdə əsas heyətdə möhkəmlənə bilməyib.

Klubdan ayrılacaq digər futbolçular isə Sani Əl-Cafri, Ceyms Beyli və Malakai Şarpdır. Bu oyunçuların da müqavilə müddəti başa çatdıqdan sonra komandadan gedəcəyi qeyd olunur.

Beləliklə, “Mançester Yunayted” yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklərə başlayıb. Klubun növbəti mərhələdə transfer bazarında fəal olacağı gözlənilir.

İdman.Biz