Hansi Flikdən “Atletiko” matçı öncəsi önəmli açıqlama

3 Aprel 2026 18:13
131
Hansi Flikdən “Atletiko” matçı öncəsi önəmli açıqlama

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik İspaniya La Liqasında “Atletiko”ya qarşı keçirəcəkləri vacib oyun öncəsi mətbuat konfransında iştirak edib. Almaniyalı mütəxəssis komandanın hazırlığı və gündəmdəki digər məsələlər barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Flik rəqibin gücünü xüsusi vurğulayaraq, səhvlərə yol verməməyin vacibliyini qeyd edib.

“La Liqanın və Avropanın ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. Son matçdakı səhvləri təkrarlamamağımız çox vacibdir. Fasilədən sonra komandamın göstərdiyi oyundan razı qaldım, enerjimiz var və diqqətimizi cəmləməliyik. “Atletiko”ya qarşı oynamaq həmişə çətindir, çünki onların əla komandası və dünyanın ən yaxşılarından hesab edilən məşqçisi var. Onların oyun üslubunu və fərdi ustalıqları yüksək olan futbolçularını çox qiymətləndirirəm”, - deyə baş məşqçi söyləyib.

Rafinyanın zədəsi barədə danışan baş məşqçi vəziyyətin üzücü olduğunu gizlətməyib:

“Onun zədələnməsi həm bizim, həm də onun üçün ən pis vaxtda baş verdi. Buna görə çox məyusuq, amma futbol və həyat belədir. Rafinya ilə videozənglə danışdım, o, çox kədərli idi. Buna görə mən və Deku ona Braziliyada qalmaq imkanı verdik. Çünki hazırda onun fikirlərini toplaması lazımdır. O, bu həftə qayıdacaq və bazar ertəsindən etibarən bərpaya başlayacaq. İndi isə onsuz necə başa çıxacağımızı düşünməliyik”.

Məşqçi zədəli futbolçuların son durumu, Markus Reşford və Qavinin forması haqqında da məlumat verib:

“Müsbət xəbər odur ki, Alexandro Balde və Jul Kunde geri qayıdıblar. Erik Qarsiya da bizə qoşulub. Frenki de Yonqa gəlincə, bir az gözləməliyik. Bəlkə də gələn həftə komanda ilə məşqlərə başlayacaq. Qavinin bu səviyyəyə qayıtması məni çox sevindirir, o bunu hər məşqdə sübut edir və bizə əlavə seçimlər verir. Reşforda gəldikdə isə, mən ondan razıyam. Son həftələrdə bəzi problemləri və zədəsi var idi. İndi onun yenidən özünü sübut etməsi üçün böyük bir şans yaranıb”.

İdman.Biz