Qattuzo İtaliya millisindən qovuldu

3 Aprel 2026 16:28
142
Qattuzo İtaliya millisindən qovuldu

Cennaro Qattuzo İtaliya futbol millisinin baş məşqçisi postunu tərk edib.

İdman.Biz İtaliya Futbol Federasiyasına istinadla xəbər verir ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Bu qərar İtaliya yığmasının 2026-cı il Dünya Çempionatına vəsiqə qazana bilməməsindən dərhal sonra qəbul edilib.

Qattuzonun rəhbərlik etdiyi komanda pley-off mərhələsinin finalında Bosniya və Herseqovina seçməsinə penaltilər seriyasında məğlub olaraq ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb.

Mütəxəssis ayrılıqla bağlı rəsmi açıqlamasında azarkeşlərə təşəkkürünü bildirib:

“Milli komandaya rəhbərlik etmək və bunu böyük fədakarlıq göstərən oyunçularla birgə etmək mənim üçün böyük şərəf idi. Amma ən böyük təşəkkürüm bu aylar ərzində komandaya sevgisini və dəstəyini əsirgəməyən azarkeşlərə, bütün italyanlaradır”.

2025-ci ilin iyunundan millini çalışdıran 48 yaşlı məşqçinin yerinə əsas namizədlər qismində Massimiliano Alleqri və Antonio Konte göstərilir. Uğursuzluqdan sonra İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina və komandanın nümayəndə heyətinin rəhbəri Canluici Buffon da istefa veriblər.

İdman.Biz