“Fənərbağça”nın futbolçusu həbsdən azad edildi

3 Aprel 2026 14:52
179
“Fənərbağça”nın futbolçusu həbsdən azad edildi

Türkiyə futbolunda mərc oyunları araşdırması çərçivəsində həbs olunan “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş haqqında həbs qətimkan tədbiri dəyişdirilib. Bu gün hakim qarşısına çıxan təcrübəli oyunçu özünü emosional şəkildə müdafiə edərək ittihamları rədd edib.

İdman.Biz xəbər verir ki, məhkəmə Mert Hakan Yandaş və onunla birlikdə mühakimə olunan Ersin Dikmen barəsində azadlığa buraxılma qərarı çıxarıb.

Mert Hakan Yandaş müdafiə çıxışında şərəf və ləyaqətinin hər şeydən üstün olduğunu vurğulayıb:

“Vergi rekordçusu olmuş bir adam üç-beş min lirəyə görə oyun satarmı? “Fənərbağça”nı nə qədər sevdiyimi hamı bilir. Amma mənə qarşı etibardan sui-istifadə edildi. Doqquz yaşımda rəhmətlik atama söz vermişəm və mübarizəmə davam edəcəyəm. Üç qəpik pul üçün qürurumu və şərəfini satacaq biri deyiləm”.

Futbolçu Ersin Dikmen ilə 15 illik dostluğunun olduğunu və aralarındakı pul köçürmələrinin sadəcə borc və ehtiyacla bağlı olduğunu bildirib. O, heç vaxt mərc saytlarında üzvlüyünün olmadığını və qanunsuz heç bir iş görmədiyini iddia edib.

Mert Hakana dəstək üçün Çağlayan Ədliyyəsinə yalnız “Fənərbağça” rəsmiləri deyil, həm də maraqlı bir sima gəlib. Eyni cinayət işində mühakimə olunan və bir neçə gün əvvəl azadlığa buraxılan “Qalatasaray”ın futbolçusu Metehan Baltacı həmkarına dəstək olmaq üçün ədliyyə binasında görüntülənib.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Mert Hakan Yandaş və Ersen Dikmenin "fırıldaqçılıq" və "mərc" maddələri ilə 17 il 10 aya qədər həbsi tələb olunurdu.

İdman.Biz