“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan “Harvard Business School”un birgə layihəsi - “Executive Leadership Programme” proqramını uğurla başa vurub.
İdman.Biz xəbər verir ki, yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulan bu xüsusi proqram sahə üzrə liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafına hədəflənib.
Tədris müddətində iştirakçılar həm onlayn dərslərdə, həm də ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda təşkil olunan intensiv sessiyalarda iştirak ediblər. Proqramın yekun mərhələsi və təntənəli mükafatlandırma mərasimi isə Fransanın paytaxtı Parisdə, məşhur “Park de Prens” stadionunda keçirilib.
Riad Rəfiyev qazandığı bu nailiyyətlə bağlı fikirlərini bölüşərək, Azərbaycan futbolunu beynəlxalq arenada təmsil etməkdən qürur duyduğunu bildirib.
