Okan Burukla yeni müqavilə: “Qalatasaray”da tarixi rekord hədəfi

29 Mart 2026 23:39
112
Okan Burukla yeni müqavilə: “Qalatasaray”da tarixi rekord hədəfi

Türkiyənin “Qalatasaray” futbol komandasının son üç mövsümdə ardıcıl çempionluq qazanmasında əsas pay sahibi olan baş məşqçi Okan Burukun gələcək taleyi bəlli olub. Avropanın bir neçə iddialı klubunun hədəfində olan 52 yaşlı mütəxəssis “sarı-qırmızılı” rəhbərliklə yeni müqavilə imzalamağa hazırlaşır.

İdman.Biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Burukun həm daxili çempionatda, həm də Avropa arenasında göstərdiyi uğurlu nəticələr İtaliya, Almaniya və Fransa klublarının diqqətini çəkib. Lakin “Qalatasaray” rəhbərliyi və şəxsən prezident Dursun Özbek uğurlu məşqçini komandada saxlamaq üçün hərəkətə keçib.

Məlumata görə, klub rəhbərliyi yaxın günlərdə Okan Burukla görüşərək mövsüm sonunda başa çatacaq müqavilənin müddətini uzatmağı təklif edəcək. Yeni müqavilədə təcrübəli çalışdırıcının illik qazancının əhəmiyyətli dərəcədə artırılacağı gözlənilir.

Okan Burukun Avropada komanda çalışdırmaq xəyalı olsa da, onun hazırkı prioriteti “Qalatasaray”da qalmaqdır. Baş məşqçinin əsas hədəfi bu mövsüm də çempion olmaq və gələn il ardıcıl beşinci dəfə qızıl medalları qazanaraq Türkiyə futbol tarixində bu rekorda imza atan yeganə mütəxəssis olmaqdır. Bu böyük hədəf səbəbindən Burukun yeni müqaviləyə “hə” deyəcəyinə şübhə edilmir.

İdman.Biz