Şahin Diniyev: “Qarabağ”a yeni nəfəs lazımdır”

18 May 2026 22:16
130
Şahin Diniyev: “Qarabağ”a yeni nəfəs lazımdır”

Tanınmış məşqçi Şahin Diniyevin fikrincə, “Qarabağ” futbolçularının çoxu uğura doyub və ölkə çempionatındakı nəticə bununla bağlıdır.

İdman.Biz xəbər verir ki, o, bu barədə qol.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Artıq Misli Premyer Liqasında mövsüm başa çatmaq üzrədir, medalçılar və avrokubok iştirakçıları bəllidir. Bu mövsüm necə keçdi və digərləri ilə hansı cəhətdən fərqləndi?

- Əvvəlcə onu deyim ki, legioner limitinin ləğvi Azərbaycan futboluna mənfi təsir edəcək. Bu, şübhəsizdir. Amma limitin ləğvinin klub futbolunda müsbət təsiri oldu. Çempionatda rəqabət artdı. 6-7 komanda avrokuboklar üçün mübarizə apardı. Bu rəqabət də çempionatın səviyyəsinin artmasına səbə oldu. Məncə, maraqlı və gərgin çempionat oldu. Turdan-tura vəziyyət dəyişirdi. Son turlara qədər avrokuboklara gedəcək komandalar bilinmirdi. Çempionluq bir az tez həll olundu. “Qarabağ” olan yarışda digər komandanın mövsümün sonuna bir neçə tur qalmış çempion olması bir az təəccüblü oldu. “Neftçi”nin yüksəlişi yaxşı mənada təəccüb yaratdı. Çempionatın əvvəlindəki və sondakı durumu kəskin fərqlənir. Komanda stabil olaraq inkişaf etdi və Konfrans Liqasına vəsiqə qazandı.

“Zirə”nin qıraqda qalması bir az təəssüf doğurur. Bütün çempionat boyu “Qarabağ” və “Sabah”dan sonra 3-cü komanda kimi “Zirə” görünürdü. Ancaq rəqabət artdığı zaman belə hallar yaşanır. Ola bilər ki, zədələr oldu, yaxud da hansısa rotasiyalar edə bilmədilər, bunu deyə bilmərəm. Amma “Zirə” də avrokuboklara layiq komanda idi. Yalnız “Zirə”nin hazırkı yeri bir qədər təəssüf yaradır. Digər bütün komandalar öz oyunlarına uyğun yerdədirlər. “Qarabağ”ın iki eyni heyətə malik olmaması çempionatda işini çətinləşdirdi. Legioner limitinin ləğvindən sonra “Qarabağ”da bu problem görünməyə başladı. Bütün güclərini Çempionlar Liqasında qoydular və yerli çempionatda onları əvəz edən heyət olmadı. Əvvəl ikinci heyətin də gücü çempionluğa çatırdı. Ancaq legioner limitinin ləğvindən sonra rəqiblər gücləndi, bir çox komanda 11 legionerlə oynadı. Ona görə də “Qarabağ”ın da ikinci olması təəccüblü deyil. “Zirə” istisna olmaqla hər komanda öz yerini tutdu.

- Çempionatın səviyyəsi ilə bağlı legioner limitinin ləğvi amilini qeyd etdiniz. Bəs Kurban Berdıyev, Valdas Dambrauskas, Yuri Vernidub kimi məşqçilərin klublarımıza gəlişi yarışa nə dərəcədə təsir etdi?

- Əlbəttə, məşqçi işi əsas şərtlərdəndir. Onların əməyini danmaq olmaz. Bir şeyi də qeyd edək ki, məşqçinin əlində lazım olan material yoxdursa, bir şey edə bilməz. Yəni məşqçilərin gəlişi ilə yanaşı, böyük maliyyənin olması da vacibdir. Çünki məşqçi istədiyi futbolçunu gətirməlidir ki, istədiyi nəticəni də versin.

- Yuri Vernidub “Neftçi”yə gələndən sonra heyət dəyişikliyi olmadı.

- Bəli, amma “Neftçi” əvvəldən komandanı qurmaq üçün yaxşı maliyyə ayırmışdı. Mən heç bir məşqçinin işini kiçiltmək istəmirəm. Təbii ki, məşqçilər arasında da rəqabətin olması vacib şərtlərdəndir. Böyük maliyyəni idarə etmək üçün yaxşı məşqçi lazımdır ki, qeyd etdiyiniz klublar o məşqçini tapdılar.

- Klublarımızın avrokuboklarda uğurlu çıxışına ümid etmək olar?

- Rəqiblərdən çox şey asılı olacaq. Ancaq bir şeyə əminəm ki, komandalarımız əvvəlki kimi ilk mərhələdən geri dönməyəcəklər, davamı gələcək. Nə qədər gedəcəkləri isə püşkatmadan, reytinqlərindən asılı olacaq. Transferlərdən də çox asılıdır. Ona da əminəm ki, klublarımız irəli getmək üçün lazım olan transferləri edəcəklər. Onların maliyyəsi də buna imkan verir.

- İlk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah”dan gözləntiniz nədir?

- “Sabah” yaxşı heyətə malikdir. Onlar birnəfəsə bu uğura çatdılar. Yəni komandada bir yüksəliş başladı və sona qədər getdilər. Çempionat və kubokda büdrəmədilər. “Qarabağ” olan yarışda bunları bacarmaq hər komandanın işi deyil. “Sabah”da artıq Avropa təcrübəsi də var. Düşünürəm ki, 1-2 mərhələni rahatlıqla keçəcəklər.

- Uzun illər Çempionlar Liqasında iştirak edən “Qarabağ”ın Avropa Liqasında oynaması nəticələrinə necə təsir edə bilər?

- Düzdür, indi asan rəqib yoxdur, amma bayaq qeyd etdiyim kimi, “Qarabağ”ın yaxşı avrokubok təcrübəsi var ki, bu da onların reytinqinə müsbət təsir edib. Hər halda Avropa Liqasındakı komandaların səviyyəsi Çempionlar Liqasına nisbətən bir pillə aşağıdadır. Buna görə də “Qarabağ” orda daha özünəinamlı olacaq. Daha qüdrətli və etibarlı bir “Qarabağ” görə biləcəyik. Onlar da mütləq heyətə əl gəzdirməlidir. Komandaya yeni nəfəs lazımdır. Bir çox oyunlarda göründü ki, bəzi futbolçular artıq Çempionlar Liqasından doyublar. Futbolçu nə qədər ac olarsa, o qədər istəkli olacaq. Mən klubun daxili işinə qarışa bilmərəm, amma görünən odur ki, bir çox futbolçu artıq nailiyyətdən doyub. Məncə, klub özü bunu hər kəsdən daha yaxşı anlayır. Düşünürəm ki, komandaya yeni nəfəs gətirəcək transferlər olacaq.

- “Turan Tovuz” və “Neftçi”nin Konfrans Liqasındakı çıxışlarından nə gözləyə bilərik?

- Azərbaycanda azarkeş dəyəndə ağıla gələn ilk bölgələrdən biri Tovuzdur. Bu bölgənin təmsilçisi 32 il əvvəl avrokuboklarda iştirak edib. Komandada bəzi mövqelər var ki, mütləq güclənməlidir. Bunu məşqçilər korpusu da bilir. Klubda yaxşı məşqçi işi var. Ən başlıcası nəticəyə oynayan bir klubdur. Bəlkə də, oyunları rəngarəng olmaya bilər, amma nəticəyə oynamağı bacarmaq asan deyil. Bu sarıdan düşünürəm ki, “Turan Tovuz”un da şansları pis deyil və ən azı bir mərhələni keçəcəklər.

“Neftçi”yə gəldikdə, onlar da yaxşı formadadırlar. Görünür ki, daxildə də yaxşı atmosferləri var. Bir az da güclənsələr, daha yaxşı olacaq. Bir çox mövqeyə, əsas da hücum xəttinə yeni oyunçu lazımdır. Məncə, komanda güclənsə, bir neçə mərhələ keçə bilər.

İdman.Biz