Samir Abasovdan “Neftçi”nin avrokuboklara yollanmasına REAKSİYA

18 May 2026 17:48
118
Samir Abasovdan “Neftçi”nin avrokuboklara yollanmasına REAKSİYA

"Arzu edirəm ki, "Neftçi" Avropada Azərbaycanı layiqincə təmsil etsin. Təki yaxşı, "dişli rəqib"lər düşsün. Bəxt amili də vacibdir. Qoy bəxtləri orada da üzlərinə gülsün. Uğurlar arzulayıram”.

Bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov deyib.

48 yaşlı mütəxəssis “ağ-qaralar”ın 2025/2026 mövsümünü 4-cü pillədə başa vuraraq 2 il sonra yenidən avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib.

O, “Sabah” - “Neftçi” (1:2) görüşünü izlədiyini də qeyd edib:

“Dünən vaxtım olduğundan həm o oyunu, həm də paralel yayımlanan “Zirə” - “Sumqayıt” (2:1) qarşılaşmasını izlədim. Mövsümün əvvəlində komandanı formalaşdırarkən inanırdıq ki, buna nail ola bilərik. Məqsəd avrokuboklar zonasına düşmək idi. Buna nail olmaları münasibətilə bütün “Neftçi” ailəsini, bu kluba aid olan hər kəsi təbrik edirəm. Avrokuboklarda da oyun günləri vaxtım olsa, fərq etməz “Neftçi”, “Qarabağ” və ya “Sabah” - təmsilçilərimizin matçlarını izləyəcəyəm. Ümumilikdə isə oyunları daim izləyirəm desəm, düzgün olmaz. Vaxtım olanda baxıram”.

S.Abasov mövsümün gedişində paytaxt təmsilçisinin uğursuz zolağa düşməsi və onun komandadan ayrıldığı vaxt 16 xalla 8-ci pillədə qərarlaşmasına da toxunub.

“Özüm də bu uğurda komandada olmaq istəyərdim, ya istəməzdim - bunlar mənasız şeylərdir. Bu, futboldur: bir komanda səninlə istədiyinə çata bilmir, digəri ilə çatır. Hamımızın gələcəyi var, inanıram ki, hər şey yaxşı olacaq. Fakt budur ki, mən olan vaxt komandada ciddi bəxtsizlik vardı. Hər oyunda 3-4 yüz faizlik qol epizodunu qaçırırdıq, qola çevirə bilmirdik. Bu da nəticələrə təsir edirdi. O oyunları xatırlayırsınızsa, elə məqamlar olurdu ki, izahı yox idi. Demirəm ki, futbolçularda istək yox idi. Əksinə, hamısı qələbə üçün alışıb-yanırdı, əziyyət çəkirdi. Sadəcə, olmayanda olmur. Bunun izahı yoxdur. İndi də eyni futbolçulardır və bütün olanlara görə onları qınaya bilmərəm. Sadəcə top qapıdan keçmirdi, buna da izah tapa bilmirdim. Kim bunu dilə gətirmir, yaxud istəmir, başqa fikirdədir, bunu müzakirə edəsi deyiləm. Hər kəsin öz fikri var. Qınayanlara da fikir vermirəm”, - deyə o teleqraf.az-a açıqlamasında bildirib.

6 aydır işsiz qalan mütəxəssis yeni təkliflərin olmadığını da bildirib:

“Öz işimlə məşğulam, bunlar da futboldan kənar şeylərdir. Hansı ki, ev, təmir məsələləridir. Futbolda işləyəndə çatdıra bilmədiklərimi indi edirəm. Təklif olsa, işləyəcəyəm, olmasa, gözləyəcəyəm. Futboldan küsmək kimi fikrim yoxdur. Ola bilər ki, növbəti mövsüm işlədim, olmasa, gözləməliyəm”.

Qeyd edək ki, Samir Abasovun istefasından sonra ötən il dekabrın 9-da “Neftçi” Yuri Vernidubla müqavilə imzalayıb. Ukraynalı mütəxəssisin rəhbərliyi altında “ağ-qaralar” 12 qələbə qazanıb, 4 heç-heçə edib və 2 məğlubiyyət yaşayıb. Komanda 56 xalla “Zirə”ni 3 xal qabaqlayaraq mövsümün sonuna bir tur qalmış UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

İdman.Biz