Futbol üzrə U-20 Dünya Çempionatına hazırlıq prosesinin bir hissəsi kimi AFFA beynəlxalq tədbirdə xüsusi təqdimat zonası ilə təmsil olunub.
İdman.Biz xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının interaktiv stendi qurulub.
Sərgidə üzərində “FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” yazılan stend tədbir iştirakçılarının ən çox maraq göstərdiyi zonalardan birinə çevrilib. Burada yalnız turnirin təqdimatı deyil, həm də futbolun cəmiyyət üçün daşıdığı sosial dəyərlər ön plana çıxarılıb.
AFFA-nın stendində sağlam həyat tərzi, gənclərin idmana cəlbi, inklüzivlik və dayanıqlı inkişaf ideyaları xüsusi vurğulanıb. Yaşıl örtüklə hazırlanmış zonada mini futbol qapısı quraşdırılıb və qonaqlara penalti zərbələri endirmək imkanı yaradılıb.
Bu format xarici nümayəndələrin də diqqətini çəkib. Forum iştirakçıları həm AFFA-nın futbol layihələri barədə məlumat alıb, həm də interaktiv idman fəaliyyətlərinə qoşulublar.
Qeyd edək ki, U-20 Dünya Çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.
