“Sabah”ın baş məşqçisi: “Azərbaycan çempionatında üç elit məşqçi işləyir” - VİDEO

18 May 2026 16:06
143
“Sabah”ın baş məşqçisi: “Azərbaycan çempionatında üç elit məşqçi işləyir” - VİDEO

Azərbaycanın “Sabah” futbol klubunun litvalı baş məşqçisi Valdas Dambrauskas İTV-yə geniş müsahibə verib.

İdman.Biz xəbər verir ki, o, “Sabah” klubuna gəlişindən, çempionatımızın potensialından, “Qarabağ” və Qurban Qurbanov barədə maraqlı fikirlər bölüşüb.

Mütəxəssis qeyd edib ki, “Sabah” rəhbərliyi ilə danışıqlar qısa çəkməyib və onun Azərbaycana gəlməsi müəyyən zaman ərzində formalaşmış etimadın göstəricisidir.

“Sabah”ın iddialı olmaq istəməsi məni çox cəlb etdi. Burada mən sərbəstlik və rəhbərliyin dəstəyini hiss etmişəm. Bakıya gələndə qarşıma Avropa turnirlərinə vəsiqə qazanmaq qoyulmuşdu. Biz bu işin öhdəsindən gəldik” – deyə V.Dambrauskas qeyd edib.

Mütəxəssis həm də “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb. Litvalı mütəxəssis Ağdam təmsilçisinin baş məşqçisi haqda xoş sözlər deyib:

“Bu komanda son 12 ilin 11-də Azərbaycan çempionu olub, ölkə futbolunun simasıdır. Onlar qitə arenalarında ölkəni sadəcə bəxtin sayəsində təmsil etməyiblər. Düşünürəm ki, bunu Avropada etmək çox çətindir. Bir komanda Çempionlar Liqasında pley-off oynayırsa, bu işin zirvəsidir. Liqada hal-hazırda üç elit məşqçi işləyir ki, onların gördüyü iş hər kəsə bəllidir. Yuri Verniudub “Şerif”i “Real Madrid”i, Kurban Berdıyevin “Rubin”i “Barselona”ya qalib gəlib. Qurban Qurbanovun işini də xüsusi qeyd etməliyəm. Mənə hansısa potsovet ölkəsi göstərin ki, bu qədər keyfiyyətli məşqçi işləsin”.

Daha ətraflı video-müsahibədə:

İdman.Biz