Uruqvay futbol millisinin və “Barselona”nın müdafiəçisi Ronald Arauxo İngiltərə ilə yoldaşlıq görüşündə (1:1) Fil Fodenə qarşı etdiyi sərt müdaxiləyə aydınlıq gətirib. 27 mart 2026-cı il tarixində “Uembli2 stadionunda baş tutan matçda Foden aldığı zədə səbəbindən 56-cı dəqiqədə meydanı tərk etməli olmuşdu.
İdman.Biz xəbər verir ki, Arauxo oyundan sonra Fodenlə görüşdüyünü və aralarında heç bir narazılıq qalmadığını bildirib.
“Onunla danışdım, hər şeyin qaydasında olduğunu dedi. Bunlar futbolun içində olan, meydanda baş verə biləcək şeylərdir. Mən heç vaxt pis nəsə etmək istəməmişəm, topa doğru gedirdim - o da bunu bilir. Onun ciddi probleminin olmamasına sevindim”, - deyə Arauxo söyləyib.
Baxmayaraq ki, Arauxo bu müdaxiləyə görə qırmızı vərəqə almadan oyunu davam etdirmişdi, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel və bir çox mütəxəssis hakimin qərarını sərt tənqid edib. Tuxel Fodenin “çox şanslı” olduğunu və VAR sisteminin bu epizodu yoxlamamasının anlaşılmaz olduğunu vurğulayıb.
Qeyd edək ki, Foden Mançester Sitiyə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək, lakin Arauxonun sözlərinə görə, zədə ilk baxışda göründüyü qədər qorxulu deyil.
