“Neftçi” futbol komandasının kapitanı Emin Mahmudov klubun heyətində vurduğu qolların sayını 70-ə çatdırıb. Yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının 25-ci turuna təsadüf edib.
İdman.Biz xəbər verir ki, təcrübəli futbolçu “İmişli” ilə keçirilən ev matçında (6:0) rəqib qapısına yol taparaq bu tarixi həddə çatıb. 2017-ci ildən paytaxt klubunun formasını geyinən Mahmudov, 281-ci rəsmi oyununda 70-ci qoluna sevinib.
Kapitanın qollarının turnirlər üzrə bölgüsü belədir:
Premyer Liqa: 54 qol (229 oyunda)
Azərbaycan kuboku: 7 qol (27 oyunda)
Avrokuboklar: 9 qol (25 oyunda)
Bu nəticə ilə Emin Mahmudov “Neftçi”nin 89 illik şanlı tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçu kimi kluba adını yazdırıb. O, hazırda eyni sayda qolu olan Qurban Qurbanovla birlikdə 9-10-cu yerləri bölüşür.
Xatırladaq ki, “Neftçi” tarixinin ən yaxşı bombardiri 142 qolla Samir Ələkbərovdur.
