Mərakeş futbol millisinin müdafiəçisi Əşrəf Hakimi Afrika Futbol Konfederasiyasının (CAF) qərarına baxmayaraq, Afrika Millətlər Kuboku 2025-in qalibi titulundan imtina etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu bu qərarı anasının tövsiyəsi ilə verdiyini bildirib. O, komanda yoldaşlarını da eyni addımı atmağa səsləyib.
“Anam mənə dedi ki, kubokdan imtina edim. Mən rəsmən imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da belə addım atacaq. Bizim qazanmaq şansımız var idi, amma bunu boşa verdik. Futbol budur, bəzən qazanırsan, bəzən uduzursan. CAF-ın qərarına hörmətlə yanaşıram, amma kuboku qəbul etmirəm. Mən Afrika Millətlər Kuboku 2025-in qalibi deyiləm. Bir daha Seneqalı təbrik edirəm!”, - deyə Hakimi açıqlamasında vurğulayıb.
Xatırladaq ki, daha əvvəl CAF Mərakeş millisinin apellyasiya müraciətini təmin etmişdi. Final matçının 90+8-ci dəqiqəsində Brahim Diazın yıxılmasına görə penalti təyin edildikdən sonra Seneqal millisi meydanı tərk etmişdi. Bu səbəbdən Seneqala 0:3 hesablı texniki məğlubiyyət verilmiş və Mərakeş çempion elan olunmuşdu.
