Nəriman Axundzadənin MLS-də maaşı açıqlandı - FOTO

13 May 2026 12:04
123
Nəriman Axundzadənin MLS-də maaşı açıqlandı - FOTO

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” futbol komandasının hücumçusu Nəriman Axundzadənin MLS-dəki maaşı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə MLS Oyunçular Assosiasiyasının rəsmi maaş bələdçisində məlumat yer alıb.

2026-cı il üçün açıqlanan siyahıda Nərimanın illik əsas məvacibi 550 000 ABŞ dolları (935 min AZN) göstərilib. Onun vergilər daxil illik ödənişi isə 633 389 ABŞ dolları (1 milyon 77 min AZN) təşkil edir.

Siyahıda MLS-in ən çox qazanan futbolçusu da məlum olub. ABŞ-nin “İnter Mayami” futbol komandasının argentinalı hücumçusu Lionel Messinin illik əsas maaşı 25 milyon ABŞ dollarıdır (42,5 milyon AZN). Ulduz futbolçunun vergilər daxil illik ödənişi isə 28 milyon 333 min 333 ABŞ dollarına (48 milyon 167 min AZN) çatır.

Nəriman Axundzadə “Kolambus Kryu”ya bu ilin fevralında Azərbaycanın “Qarabağ” futbol klubundan keçib. O, MLS klubuna transfer olunan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. 22 yaşlı hücumçunun ABŞ təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.

MLS Oyunçular Assosiasiyasının məlumatına əsasən, maaş bələdçisi 16 aprel 2026-cı il tarixinə qədər müqaviləsi olan futbolçuları əhatə edir. Qurum zəmanətli ödəniş göstəricisinə əsas maaşla yanaşı, imza bonusları və müqavilə müddətinə bölünən digər zəmanətli ödənişlərin daxil olduğunu bildirir.

İdman.Biz