Xulio Sezar Rodrigez: “Finalın favoriti yoxdur” - MÜSAHİBƏ

13 May 2026 13:17
111
Xulio Sezar Rodrigez: “Finalın favoriti yoxdur” - MÜSAHİBƏ

“Kimin qalib gələcəyini deyə bilmərəm. Çünki hər iki komanda yaxşı oynayır, yaxşı futbolçuları və məşqçiləri var”.

Bunu 2019-2022-ci illər aralığında Azərbaycanda çıxış etmiş, əvvəlcə “Zirə”də, daha sonra “Sabah”da oynamış Xulio Sezar Rodrigez futbolinfo.az-a müsahibəsində deyib.

Ölkəmizdən getdikdən sonra müxtəlif klublarda çıxış etmiş 35 yaşlı paraqvaylı futbolçu hazırda Argentinanın üçüncü liqa təmsilçisi “Atletiko Mictlan”ın formasını geyinir.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan liqasını izləyirsiniz? Bu gün keçmiş iki komandanız – “Sabah” və “Zirə” Azərbaycan Kubokunun finalında qarşılaşacaq. Bu oyun haqqında fikirləriniz necədir?

– Mən ümumiyyətlə Azərbaycan futbolunda baş verənləri daim izləyirəm. Hər iki komanda adına çox sevinirəm. Çünki hər ikisi işlərini düzgün gördüyü üçün liqada da yaxşı nəticələr əldə edirlər. Açığı, istər bu klublardan biri ilə finalda, istərsə də beynəlxalq turnirdə oynamağı çox istəyərdim.

– Sizcə kuboku qazanmağa hansı komandanın şansı daha yaxındır?

– Kimin qalib gələcəyini deyə bilmərəm. Çünki hər iki komanda yaxşı oynayır, yaxşı futbolçuları və məşqçiləri var. Oyuna daha fokuslu çıxan və daha az səhv edən tərəf qalib gələcək.

– “Sabah” Azərbaycan çempionu oldu. Sizcə, onlar hazırda daha güclüdür və kuboku qazanmaq şansları yüksəkdir?

– “Sabah” hazırda mənəvi baxımdan daha yaxşı vəziyyətdədir. Amma final oyunu tamam fərqli olur. Düşünürəm ki, yaxşı və maraqlı qarşılaşma olacaq, izləməyə dəyər.

– Finalda hansı komandanı dəstəkləyəcəksiniz?

– Qoy ən yaxşı olan qazansın, qardaş. Mən seçim edə bilmərəm. Hər iki klub mənə Azərbaycan Premyer Liqasında oynamaq imkanı verib.

– Hazırda yeni klub məsələsində vəziyyət necədir? Azərbaycanda təklif almamısız?

– Hələ konkret heç nə yoxdur. Transfer pəncərəsi iyunda açılır. Konkret təklif gələn yerdə oynayacağam.

İdman.Biz