“Mövsüm ərzində stabil çıxış edən iki layiqli komanda finala yüksəlib. Fikrimcə, tərəflərin şansları bərabərdir. Görüşün taleyini daha çox taktiki gedişlər və buraxılan ilk qol müəyyənləşdirə bilər”.
Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunda bu gün “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final matçı barədə danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, Premyer Liqada çempionluğu təmin edən “Sabah” mövsümü daha bir titulla başa vurmağa çalışacaq.
“Komanda artıq öz gücünü çempionatda sübut edib. İndi isə mövsümü “qızıl dubl”la başa vurmaq üçün yaxşı imkanları var və düşünürəm ki, bundan maksimum yararlanmağa çalışacaqlar”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.
Ş.Diniyev bildirib ki, “Zirə” üçün bu qarşılaşma təkcə kubok deyil, həm də avrokuboklara gedən ən qısa yol hesab olunur:
“Bu oyun komandanın avrokuboklara vəsiqə qazanmaq baxımından ən real şansıdır. Çempionatda vəziyyətləri istədikləri kimi deyil. “Neftçi” hazırda onları 3 xalla qabaqlayır. Bu səbəbdən kubokun finalı “Zirə” üçün həlledici qarşılaşma sayılır. Düşünürəm ki, futbolçular həm məsuliyyəti, həm də motivasiyanı yüksək səviyyədə hiss edəcəklər”.
O, komandaların oyun üslublarına da toxunub:
“Maraqlı məqam odur ki, çempionatın ən məhsuldar hücum xəttinə malik “Sabah” ən etibarlı müdafiəsi olan “Zirə”yə qarşı oynayacaq. Bu baxımdan meydanda yalnız futbolçuların deyil, məşqçilərin taktiki mübarizəsini də izləyəcəyik. Hesab edirəm ki, komandalar ilk dəqiqələrdən açıq futbol nümayiş etdirməyəcək. Hər iki komandanın ehtiyatlı futbol oynayacağını düşünürəm”.
Veteran futbolçu ilk qolun matçın taleyinə ciddi təsir göstərə biləcəyini də vurğulayıb: “Final qarşılaşmalarında ilk qol çox şeyi dəyişir. Qolu buraxan tərəf istər-istəməz risk etməyə başlayır, bu isə oyunda boşluqlar yaradır. Ona görə düşünürəm ki, ilk hissədə komandalar daha diqqətli davranacaqlar. Ümumilikdə isə finalın gərgin, taktiki mübarizə şəraitində və az qol epizodları ilə keçəcəyini gözləyirəm”.
Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Sabah” - “Zirə” qarşılaşması saat 20:00-da başlayacaq. Ölkə kubokunun son qalibi “Sabah” komandasıdır.
