Torreyraya hücum edib bütün “Qalatasaray”ı ölümlə hədələdi - FOTO/VİDEO

13 May 2026 13:47
84
Torreyraya hücum edib bütün “Qalatasaray”ı ölümlə hədələdi - FOTO/VİDEO

Türkiyənin “Qalatasaray” futbol komandasının uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra İstanbulda fiziki hücuma məruz qalıb.

İdman.Biz xəbər verir ki, hadisə Beyoğlu Kasımpaşada yerləşən ticarət mərkəzlərindən birinin qarşısında baş verib. Türkiyə mediasının məlumatına görə, kafedən çıxan futbolçu Yusuf Y. adlı şəxsin yumruqlu hücumu ilə üzləşib.

Ortaya çıxan görüntülərdə şübhəlinin Torreyraya qəfil yaxınlaşdığı, ətrafdakı şəxslərin və təhlükəsizlik əməkdaşlarının hadisəyə müdaxilə etdiyi görünür. Hücum edənin daha sonra taksi ilə ərazidən uzaqlaşmağa çalışdığı, lakin polis tərəfindən saxlanıldığı bildirilir.

Şübhəli ifadəsində sosial şəbəkə vasitəsi ilə münasibət qurduğu İpek B. ilə Torreyranın da maraqlandığını düşündüyü üçün futbolçunu izlədiyini deyib. Torreyra isə polisə ifadəsində İpek B.-nin sevgilisi olduğunu və həmin şəxs barəsində daha əvvəl 45 günlük uzaqlaşdırma qərarı aldırdığını bildirib.

Tibbi yoxlamada Torreyranın sol qaşı ilə gözü arasında qızartı aşkar edilib.

Araşdırma dərinləşdikcə şübhəlinin keçmişdə Torreyra, aktrisa Devrim Özkan, İpek B. və bütün "Qalatasaray" heyəti barəsində hədə xarakterli paylaşımlar etdiyi ortaya çıxıb. Həmin mesajlarda ölüm təhdidləri belə var.

İdman.Biz