Türkiyə futbol camiası gənc yaşda gələn acı xəbərlə sarsılıb. Birinci Liqa təmsilçisi “İstanbulspor”un 21 yaşlı futbolçusu Baran Alp Vardar uzun müddətdir müalicə aldığı amansız xəstəlik səbəbindən həyatını itirib.
İdman.Biz xəbər verir ki, klubun rəsmi açıqlamasında gənc oyunçunun bir müddətdir xərçəng müalicəsi gördüyü, lakin həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişdiyi bildirilib. Klub tərəfindən idmançının xərçəngin hansı növündən əziyyət çəkdiyi barədə detallı məlumat verilməsə də, onun uzun müddətdir bu xəstəliklə mübarizə apardığı qeyd olunub.
Klubun rəsmi bəyanatında deyilir:
“Böyük bir acı və dərin kədər içindəyik... Bir müddətdir xərçəng müalicəsi görən futbolçumuz, canımız Baran Alp Vardarı itirməyin dərin üzüntüsünü yaşayırıq. Xarakteri, komanda yoldaşlarına bağlılığı və gülər üzü ilə hər zaman xatırlayacağımız Baran Alp camiamızın qəlbində daima yaşayacaqdır. Məkanın cənnət olsun, səni əsla unutmayacağıq”.
