“Şikayətimizi müzakirə etməyə vaxtları yoxdur” - “Sumqayıt”dan NARAZILIQ

8 May 2026 15:21
127
“Şikayətimizi müzakirə etməyə vaxtları yoxdur” - “Sumqayıt”dan NARAZILIQ

“Sumqayıt” Futbol Klubu AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyini düşünmür və onlara qarşı qərəz olduğunu əsas gətirərək Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev açıqlama verib.

Klubun mətbuat katibi bildirib ki, apellyasiya şikayəti etmək niyyətində deyillər:

“Bundan əvvəl də İntizam Komitəsinin qərarları ilə bağlı bir neçə dəfə apellyasiya şikayəti etmişik. Lakin sonuncu dəfə bizə açıq şəkildə bildirildi ki, şikayətimizə baxmaq və müzakirə etmək üçün vaxtları yoxdur. ”Sumqayıt” Futbol Klubunun baş məşqçisi Saşa İliçə “Şamaxı” ilə oyunda baş verən hadisələrə görə 4 oyunluq cəza verilmişdi və həmin vaxt da eyni cavabı almışdıq. Buna görə də hesab edirik ki, apellyasiya verməyin artıq mənası yoxdur. Ümumilikdə İntizam Komitəsinin bizə münasibətinin ədalətli olmadığını düşünürük və bunu artıq qəbul etmişik”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə keçirilən matçda baş verən hadisələrə görə “Sumqayıt” klubuna ümumilikdə 10 min manat cərimə tətbiq edib. Klub prezidenti Riad Rəfiyev oyundan sonra hakimlərin otağına daxil olduğuna görə 5000 manat, baş məşqçi Saşa İliç isə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün eyni məbləğdə cəzalandırılıb.

İdman.Biz