Arne Slot üçün təzyiq artır

8 May 2026 15:05
104
Arne Slot üçün təzyiq artır

İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Arne Slotun gələcəyi ilə bağlı narahatlıq artır.

İdman.Biz xəbər verir ki, mersisaydlılar 2025/2026 mövsümünə son çempion kimi başlasalar da, gözləntiləri doğrulda bilməyiblər. FSG-nin (Fenway Sports Group - “Liverpul”un sahibi olan ABŞ şirkəti) yayda transferlərə 440 milyon funtdan çox (1 milyard AZN) vəsait xərcləməsinə baxmayaraq, komanda mövsümü titulsuz başa vurmağa yaxındır.

“Liverpul” Premyerliqada çempionluq titulunu erkən əldən verib, İngiltərə Kuboku və Çempionlar Liqasında dörddəbir finaldan irəli gedə bilməyib, Liqa Kubokunda isə dördüncü mərhələdə mübarizəni dayandırıb.

TEAMtalk mənbələri FSG-nin Slota növbəti mövsüm də şans verməyə hazır olduğunu yazır. Buna baxmayaraq, “Daily Mail”in mersisaydlılar üzrə müxbiri Luis Stil niderlandlı mütəxəssisin azarkeşlərə inam vermək üçün hələ ciddi arqument göstərmədiyini yazıb:

“Slot azarkeşlərə vəziyyəti dəyişə biləcək adam olduğunu göstərmək üçün nəsə etməlidir. Hələlik gələn mövsümün daha yaxşı olacağını göstərən heç bir sübut görünmür”.

“Liverpul”un sabiq futbolçusu Con Oldric də komandanın son çıxışlarını sərt tənqid edib. O, “Mançester Yunayted”ə 2:3 hesablı məğlubiyyətdən sonra komandanın kimliyini itirdiyini yazıb.

Oldric müdafiə xəttinə də sərt reaksiya verib:

“67 yaşımda, ağzımda siqarla onların müdafiə dördlüyündə oynaya bilərdim. Zədələrlə bağlı bəhanə gətirmək lazım deyil”.

Mənbəyə görə, “Liverpul” yayda əsasən yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Bundan başqa, Məhəmməd Salahın mümkün əvəzləyicisi məsələsi də klubun transfer gündəmindədir.

İdman.Biz