“Ciddi danışıqlar gedir. Belə bir kluba getməsi əlbəttə ürəkaçan deyil”.
İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında Nəriman Axundzadənin ABŞ klubuna transferi barədə danışarkən deyib.
O bildirib ki, Nəriman Axundzadə son zamanlar baş verənlərə görə gedir:
“Nəriman bizim son illərdəki ən məhsuldar oyunçularımızdan biri idi. Son başverənlərdən sonra özünü ələ ala bilmədi. Getməsi lazımdır ki, özünü yenidən tapa, toparlana bilsin. Edəcək bir şey yoxdur. Təki alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox çalışırdı. Bu gün oyundan sonra da futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, mənə yaxşı təklif gəlib. Bilmirik, saxlaya biləcəyik, ya yox. Xoşagəlməz deməzdim, amma elə bir yerdən təklif gəlir ki, oraya ancaq pul üçün getmək olar. Çalışırıq onları motivasiya edək”.
Təcrübəli mütəxəssis Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasına da münasibət bildirib: “Orada bir neçə detallar oldu. Onunla danışmışdıq. Belə deyim, mən Bəhlul tərəfdə idim. Çox dərinə getməyək”.
Qeyd edək ki, bu gün "Qarabağ" klubu Nəriman Axundzadənin ABŞ klubu olan “Major League Soccer” - MLS-ə mümkün transferi ilə bağlı xəbər yayıb. Danışıqların artıq yekun mərhələyə çatdığı və tərəflər arasında razılıq əldə olunduğu bildirilib.
