Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür”

10 Fevral 2026 19:44
59
Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür”

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”a qarşı matçda (1:2) “Şamaxı” pis mübarizə aparmayıb.

İdman.Biz xəbər verir ki, bunu Şamaxı komandasının baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətin üzücü olduğunu qeyd edib.

“Hava şəraitini nəzərə alsaq, bu meydançada xarakter göstərmək lazım idi. İlk hissə oyun baxımından daha çətin keçdi, amma ikinci hissədə hava bir az düzəldi. Ümumilikdə "Qarabağ" kimi rəqibə qarşı pis mübarizə aparmadıq”, - Abbasov bildirib.

O, komandanın son dəqiqələrdə konsentrasiyanı itirdiyini bildirib.

“Təəssüf ki, bu çempionatda ən böyük problemlərimizdən biri oyunun sonlarında qol buraxmağımızdır. Futbolçuları buna görə xəbərdar edirik ki, konsentrasiya sona qədər olmalıdır. Biz futbolçuların inkişafını istəyirik, çünki gələcəkləri üçün bu vacibdir. Son dəqiqədə mütləq qorunmaq lazımdır, orada elə böyük bir epizod da yox idi, amma təəssüf ki, boşluq verdik”, - baş məşqçi əlavə edib.

Abbasov “Qarabağ”a qarşı aqressiv oyunun vacibliyini vurğulayıb.

“Qarabağ”a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür. Təkcə onlara qarşı deyil, bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi oyunlarda bu alınmır. Futbolçuların bəzilərində bu çatışmır. Amma “Şamaxı” ilk turdan xarakter göstərir. Kubokun cavab oyununda bundan da çoxunu etməliyik”, - o, deyib.

Mütəxəssis son dəqiqələrdəki əvəzləmələrə də aydınlıq gətirib:

“Oruc özü dəyişiklik istədi, Kərim isə yorulmuşdu. Burada səhv futbolçularda deyildi, müdafiə xəttində konsentrasiyamız çatmadı. Həmin vaxt müdafiə xəttinə əl dəymədik, hətta Abdulla yorulsa da, onu çıxarmadım ki, belə oyunda müdafiədə dəyişiklik çətin olur. Bu tək fərdi futbolçulara deyil, komanda olaraq hamıya aiddir”.

İdman.Biz