“Qəbələ” “Neftçi” ilə oyunda məğlubiyyətə layiq olmayıb”.
İdman.Biz xəbər verir ki, bunu “Qəbələ”nin məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi”yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları matç barədə danışıb.
“Maraqlı və dinamik qarşılaşma alındı. Bilirdik ki, “Neftçi” oyunun əvvəlində yüksək temp nümayiş etdirəcək. İlk 15 dəqiqədə bu sürətə tam uyğunlaşa bilmədik. Rəqibin aqressiv startı nəticəsində qapımızda qol gördük. Bununla belə, buraxılan qoldan sonra oyun keyfiyyətimizi yüksəltdik və meydanda daha yaxşı çıxış etdik.
İkinci hissədə hesabı dəyişmək üçün bir neçə real qol imkanı yaratdıq. Həmin epizodları dəyərləndirə bilməməyimiz təəssüf doğurur. Lakin futbol belə məqamlarla zəngindir. Ümumilikdə isə hesab edirəm ki, bu oyunda məğlubiyyətə layiq deyildik”, - Çixradze bildirib.
“Neftçi” – “Qəbələ” oyunu Bakı klubunun 1:0 hesablı qələbəsi ilə bitib.
