“Mövsümün əvvəlində əsas hədəf ilk dövrəni lider kimi tamamlamaq idi və bu plan gözlənildiyi kimi reallaşıb. Liqanın səviyyəsi əvvəlki illərlə müqayisədə yüksəlib, komandaların heyət keyfiyyəti artıb və bu da mübarizəni çətinləşdirib”.
İdman.Biz xəbər verir ki, bu sözləri Birinci Liqada ilk dövrəni lider kimi başa vuran “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli sportal.az saytına müsahibəsində deib. O, komandanın mövsümün birinci hissəsindəki çıxışını və qarşıdakı məqsədlərini şərh edib.
Kərəmli bildirib ki, “Şəfa”nın rəqiblərlə xal fərqinin gözləniləndən daha çox olması komanda üçün müsbət məqamdır.
Baş məşqçi çempionluq yarışında əsas rəqib kimi “Səbail”i gördüklərini qeyd edib. Eyni zamanda “Baku Sportinq”, “Mingəçevir”, “Ordu” kimi komandaların da mövsüm ərzində ilk yerlər uğrunda mübarizə aparacağını əvvəlcədən proqnozlaşdırdıqlarını deyib. Kərəmli vurğulayıb ki, rəqiblərin həm infrastrukturu, həm də heyəti bu mübarizəni qaçılmaz edirdi.
O bildirib ki, qış fasiləsində heyətdə müəyyən dəyişikliklər aparılıb, yeni futbolçular cəlb olunub və əsas məqsəd mövsümün ikinci yarısında daha geniş rotasiya imkanlarına malik olmaqdır. Qış fasiləsindən sonra oyunların sıx qrafiklə davam edəcəyini deyən mütəxəssis hər mövqedə alternativ futbolçuların olmasının vacibliyini önə çəkib.
Elgiz Kərəmli “Şəfa”nın əsas məqsədinin Birinci Liqanı məğlubiyyətsiz çempion kimi başa vurmaq və Premyer Liqaya vəsiqə qazanmaq olduğunu bildirib. Premyer Liqada mübarizənin daha çətin olacağını qeyd edən baş məşqçi buna baxmayaraq rəhbərliyin ona olan inamını hiss etdiyini və klubla uzunmüddətli planlar qurulduğunu vurğulayıb.
Mütəxəssis əlavə edib ki, “Şəfa” yalnız Premyer Liqaya yüksəlməklə kifayətlənmək niyyətində deyil. Klub mərhələli şəkildə inkişaf edərək gələcəkdə avrokuboklar uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub.
