İngiltərə mətbuatı “Qarabağ”ın “Kəpəz”dən sensasion məğlubiyyətinə reaksiya verdi - İDMAN.BİZ-in İCMALI

Təhlil
26 Yanvar 2026 14:12
127
İngiltərə mətbuatı “Qarabağ”ın “Kəpəz”dən sensasion məğlubiyyətinə reaksiya verdi - İDMAN.BİZ-in İCMALI

Liverpulda nəşr edilən “This Is Anfield” “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə (0:2) evdə sensasion məğlubiyyətinə, həmçinin Çempionlar Liqası matçı üçün Liverpula səfər ərəfəsində bu nəticəyə diqqət yetirib.

İdman.Biz xəbər verir ki, jurnalist Henri Cekson nəticəni Ağdam klubunun Liverpula səfərinə hazırlığı ilə əlaqələndirib.

“Qarabağ” çərşənbə axşamı gecəsi Liverpula səfərinə ideal hazırlıq keçirmədi, heyəti tamamilə dəyişdi və evdə 0:2 kimi ağrılı məğlubiyyətə düçar oldu”, – Cekson yazıb.

Həmçinin müəllif gözlənilməz uğursuzluğun xarakterini vurğulayıb və rəqibin("Kəpəz"in) hər hissədə bir qol vurduğunu qeyd edib.

Xüsusi olaraq Cekson "Qarabağ"ın “Liverpul”la görüşdən əvvəl geniş rotasiya etməsinə diqqət çəkib.

“Qurban Qurbanov “Liverpul”la matça hazırlıq ərəfəsində 11 dəyişiklik etdi və bu çempionluq yarışında ağır zərbə oldu”, – jurnalist əlavə edib.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunda səfərdə “Bornmut”a 2:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Liverpul”la “Qarabağ” arasında görüş 28 yanvarda “Enfild”də keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsinin son turundan əvvəl on xalla 18-ci pillədə qərarlaşıb, “Merseysayd” klubu isə 15 xalla dördüncü sıradadır.

İdman.Biz