Toral Bayramovun klubu Fransadan müdafiəçi alır

1 Avqust 2026 11:50
116
Toral Bayramovun klubu Fransadan müdafiəçi alır

Türkiyənin “Bursaspor” klubu heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirməyə hazırlaşır.

Fransanın “L'Equipe” nəşrinin məlumatına görə, Bursa təmsilçisi Liqa 2-də çıxış edən “Metz”in 23 yaşlı qabonlu müdafiəçisi Mişel Mbulanın transferi üçün rəsmi təklif göndərib.

Ötən mövsüm zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalan Mbula "Metz"in heyətində 16 oyunda meydana çıxıb.

2003-cü il təvəllüdlü müdafiəçi Türkiyə I Liqasında tətbiq olunan gənc əcnəbi futbolçu limitinə də uyğundur.

1,85 metr boya malik olan Mişel Mbula mərkəz müdafiəçisi olsa da, zərurət yarandıqda sol cinah müdafiəsində də oynaya bilir. O, “Metz”dən başqa, 2023/2024 mövsümünü və 2024/2025 mövsümünün ilk yarısını “Şanlıurfaspor”da keçirib. Qabonlu futbolçu burada 34 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Mbula karyerası ərzində Moldovanın “Dinamo-Auto Tiraspol” klubunda da çıxış edib. O, Qabon milli komandasının heyətində isə 11 oyun keçirib.

Qeyd edək ki, “Bursaspor”un heyətində hazırda Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov da çıxış edir. 25 yaşlı sol cinah müdafiəçisi bu ilin yayında Türkiyə klubuna transfer olunub və onun “Bursaspor”la imzaladığı müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir.

İdman.Biz