FIFA dünya çempionatı və təşkilatın digər turnirlərinin kommersiya aktivlərinin idarə olunmasına özəl investorların cəlb edilməsi planından imtina edib.
İdman.Biz xəbər verir ki, FIFA prezidenti Canni İnfantino geniş rezonans doğuran təklifin həyata keçirilməyəcəyini açıqlayıb. Qərar futbol konfederasiyalarının sərt tənqidindən, Avropa yığmalarının FIFA turnirlərini boykot etməklə hədələməsindən və təşkilat daxilində yaranan fikir ayrılıqlarından sonra qəbul olunub.
“Bütün fikirləri diqqətlə dinlədikdən sonra anladım ki, bu layihə, dəstək səviyyəsindən asılı olmayaraq, artıq ilkin məqsədimizə uyğun olmayan fikir ayrılığı yaradıb. Məqsədimiz həmişə futbolu birləşdirmək və inkişaf etdirmək olub. Buna görə də bu təklif həyata keçirilməyəcək”, – deyə İnfantino bildirib.
Bundan əvvəl FIFA dünya çempionatları və digər yarışlarla bağlı kommersiya hüquqlarını və əməliyyat fəaliyyətini birləşdirəcək “FIFA Forward Enterprise” adlı törəmə şirkət yaratmağı planlaşdırırdı. Layihəyə televiziya yayım hüquqları, sponsorluq müqavilələri, bilet satışı və lisenziyalaşdırma daxil idi.
Yeni şirkətin dəyəri 20 milyard dollar qiymətləndirilirdi. FIFA özəl investorlara 20 faizə qədər azlıq payı satmaqla 4,2 milyard dollar cəlb etməyi planlaşdırırdı. Bununla yanaşı, təşkilat yarışların keçirilməsi, təqvim və bütün idman qərarları üzərində tam nəzarəti özündə saxlayacağını bildirirdi.
İnvestor qrupuna ABŞ-nin “Thrive Eternal” holdinqinin rəhbərlik edəcəyi gözlənilirdi. Şirkət ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın həyat yoldaşı Cared Kuşnerin kiçik qardaşı Coşua Kuşner tərəfindən yaradılıb. Layihənin hazırlanmasında “JPMorgan” bankı da iştirak edib.
FIFA bildirirdi ki, cəlb olunacaq vəsait futbolun inkişafına yönəldiləcək. Layihə təsdiqlənəcəyi halda, təşkilata üzv olan 211 milli assosiasiyanın hər birinə birdəfəlik 20 milyon dollara qədər maliyyə ayrılması, həmçinin “FIFA Forward” proqramı çərçivəsində 2027–2030-cu illər dövrü üçün ödənişlərin 20 milyon dollara çatdırılması nəzərdə tutulurdu.
Lakin təklif UEFA tərəfindən kəskin etirazla qarşılandı. Təşkilata üzv olan 55 milli assosiasiyanın hamısı layihəni yekdilliklə rədd etdi və təklif tam geri götürülməyənə, həmçinin turnirlərin və onların idarəçiliyinin özəl mülkiyyətə verilməyəcəyinə dair hüquqi təminat təqdim olunmayana qədər yığmalarının FIFA turnirlərində iştirak etməyəcəyini açıqladı.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vasitəsilə təmsil olunan Azərbaycan da bu qərarı dəstəkləyən 55 ölkə arasında yer aldı. Beləliklə, Azərbaycan millisi də digər Avropa yığmaları ilə birlikdə FİFA layihəni davam etdirəcəyi təqdirdə turnirləri boykot etməyə hazır idi.
UEFA vurğulayıb ki, dünya çempionatı investisiya məhsulu kimi qiymətləndirilə bilməz və futbolun gələcəyi ilə bağlı qərarlar səhmdarların maksimum mənfəət əldə etmək istəyi ilə müəyyənləşməməlidir. Sonradan KONKAKAF və Asiya Futbol Konfederasiyası da təşəbbüsə qarşı çıxıb.
Vəziyyət FIFA daxilində də ciddi gərginlik yaradıb. İnfantinonun baş müşaviri Karlos Kordeyro layihəni futbolun maraqlarına uyğun hesab etmədiyini bildirərək istefa verib. Təşkilatın əməliyyat direktoru Kevin Lamur isə əməkdaşların layihənin hazırlanması barədə lazımi şəkildə məlumatlandırılmadığını deyib.
New York Post nəşrinin məlumatına görə, beynəlxalq tənqid və boykot təhlükəsindən sonra potensial investorlar da layihəyə marağını itirib. Nəşrin mənbəsi onların “bu qarışıqlığın içində qalmaq istəmədiyini” bildirib.
Nəticədə FIFA layihənin rəsmi təqdimatından cəmi bir neçə gün sonra ondan imtina etmək məcburiyyətində qalıb.
