“İnter Mayami”nin hücumçusu Lionel Messinin Azərbaycan milli komandasının futbolçusu, hazırda MLS-də çıxış edən Nəriman Axunzadənin klubu “Kolambus Kryu”ya qarşı keçiriləcək oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
İdman.Biz xəbər verir ki, komandanın müvəqqəti baş məşqçisi Gilyermo Oyos argentinalı futbolçunun qarşıdakı görüşə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən yekun qərarın hələ qəbul edilmədiyini deyib.
“Messi komandaya cəmi bu yaxınlarda qayıdıb. Buna görə də vəziyyəti ətraflı müzakirə etmək imkanımız olmayıb. Amma onun və Rodriqo De Paulun yenidən komandanın düşərgəsində olmasına çox şadıq”, – deyə Oyos oyunöncəsi mətbuat konfransında bildirib.
“İnter Mayami” – “Kolambus Kryu” matçı sabah, avqustun 2-də keçiriləcək.
Görüş Bakı vaxtı ilə isə 03:30-da başlayacaq.
Qeyd edək ki, “Kolambus Kryu”nun heyətində Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə də çıxış edir. Hələlik futbolçumuzun əsas heyətdə meydana çıxıb-çıxmayacağı tam məlum deyil.
