“Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik”.
Bunu “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo sportinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Misli Premyer Liqanın ilk turunda təxirə salınmış oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Görüşü necə şərh edərdiniz?
- Kifayət qədər çətin oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Gərgin qarşılaşma alındı. Hesabda önə keçsək də, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.
- Qeyd etdiyiniz kimi, hesabda önə keçmişdiniz. Qələbə qazanmağınıza nə mane oldu?
- Bir az dözümlülük çatmadı. Bir qədər xətlərarası əlaqə də demək olar. Bir xətdən digərinə keçid istədiyimiz kimi alınmadı. Lakin bütün bunlar düzəldiləsi şeylərdir. Müəyyən qədər zaman lazımdır.
- Sıx qrafiki nəzərə alsaq, fiziki yorğunluq məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Təbii ki, fasilə ərəfəsində istər-istəməz yorğunluq olur. Lakin məğlubiyyəti təkcə bununla əlaqələndirmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik.
- Rəqibin çıxışını necə dəyərləndirirsiniz?
- Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik.
- “Sabah” çempionluq yarışında “Qarabağ”a başağrısı ola bilər?
- Təbii ki, məğlubiyyət məğlubiyyətdir. Ancaq çempionat hələ bitməyib. Qarşıda kifayət qədər oyunlar var.
- İlin son oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Təbii ki, çətin keçəcək. Çempionatda demək olar ki, heç bir qarşılaşma asan olmur. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq.
