“Hələlik öz çıxışıma çox yüksək qiymət verməzdim. Mənim üçün əsas olan stabil oyun göstərmək və komandaya fayda verməkdir”.
Bunu “Kəpəz”in qapıçısı Yusif İmanov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Komanda xallarını 9-a çatdırdı və 10-cu pilləyə yüksəldi. Mövqeyinizi daha da yaxşılaşdıra biləcəksiniz?
– Əlbəttə, buna inanırıq. Hazırda komanda daxilində ab-hava tam fərqlidir. Hər qazanılan xal bizə həm cədvəldə, həm də psixoloji baxımdan əlavə güc verir. Qarşıda hələ çox oyun var və əsas məqsədimiz bu tempdə davam edib mövqeyimizi mərhələli şəkildə daha da yaxşılaşdırmaqdır. Heç kim rahatlaşmır, hamı məsuliyyətini anlayır.
– “Kəpəz”də öz çıxışınızı necə dəyərləndirirsiniz? Sizcə, özünüzü yenidən sübut edib daha yaxşı klublara gedə biləcəksiniz?
– Hələlik öz çıxışıma çox yüksək qiymət verməzdim. Mənim üçün əsas olan stabil oyun göstərmək və komandaya fayda verməkdir. Bunun üzərində çalışıram. Əgər “Kəpəz”də bunu bacarsam, təbii ki, gələcəkdə daha yaxşı imkanlar yarana bilər. Amma hazırda bütün fikrim buradadır, çünki nəticə olmadan fərdi hədəflərdən danışmaq düzgün deyil.
– Son turdakı qalibiyyət komandada özünəinamı qaytarıb və ümid edirsiniz ki, mövsümün ikinci yarısı sizin üçün daha uğurlu olacaq?
– Bəli, o qələbə komanda üçün çox vacib idi. Bəzən bir oyun hər şeyi dəyişir — həm inamı, həm də psixoloji yükü. İndi məşqlərdə də bu hiss olunur. Ümid edirik ki, ikinci yarıda daha sabit, daha inamlı və nəticəyə oynayan “Kəpəz” görəcəyik.
– Ümumiyyətlə, qış fasiləsindən necə yararlanacaqsınız və bu, sizə daha yaxşı nəticələr qazanmağa kömək edəcəkmi?
– Qış fasiləsi bizim üçün çox önəmlidir. Bu dövrü həm fiziki, həm də mental baxımdan düzgün dəyərləndirmək lazımdır. Komanda olaraq çatışmazlıqlar üzərində işləmək, oyun planını daha da təkmilləşdirmək üçün yaxşı fürsətdir. Mən də fərdi olaraq bu fasilədən maksimum faydalanmağa çalışacağam ki, ikinci yarıya daha hazır çıxım.
– Karyeranızda bir müddət çətinliklər oldu və Azərbaycan millisindən də kənarda qaldınız. Yenidən milliyə qayıtmaq istəyərsiniz? Düşünürsünüz ki, bunu bacaracaqsınız?
– Milli komandada oynamaq hər futbolçu üçün böyük şərəfdir və təbii ki, yenidən orada olmaq istəyirəm. Son dövrdə yaşananlar məni ruhdan salmadı, əksinə, daha çox çalışmağa vadar etdi. Düşünürəm ki, davamlı meydana çıxsam, milli komanda məsələsi özü-özünə gündəmə gələcək.
– Növbəti turda Qərb derbisi var. “Turan Tovuz”u da məğlubiyyətə uğratmaq mümkün olacaq?
– Qərb derbisi hər zaman xüsusi oyun olub və olacaq. “Turan Tovuz” güclü, formalaşmış komandadır. Asan olmayacaq, amma biz də meydanda əlimizdən gələni edəcəyik. Düzgün yanaşma, konsentrasiya və komanda oyunu ilə hər rəqibə qarşı mübarizə aparmaq mümkündür. Məqsədimiz yaxşı oyun və nəticədir.
