Argentina millisinin 2026-cı il dünya çempionatının iştirakçıları siyahısından çıxarılması ehtimalı yaranıb.
İdman.Biz xəbər verir ki, korrupsiya qalmaqalı ilə bağlı Argentina Futbol Assosiasiyasının (AFA) bir sıra yüksək vəzifəli şəxsləri şübhə altına düşüb.
İstintaqda AFA-nın prezidenti Klaudio Tapiya, onun etibarlı şəxsi Pablo Toviqinyo və maliyyə departamentinin rəhbər müavini Lusiano Nakis fiqurant kimi göstərilir.
Məhkəmə hazırda onların Pilar şəhərində yerləşən 10 hektarlıq mülkiyyətinin mənşəyini araşdırır. Sözügedən ərazidə helikopter meydançası, atçılıq ferması və 50-dən artıq retro avtomobilin olduğu bildirilir.
Qeyd olunur ki, araşdırmanın nəticəsində məhkəmə prosesləri başlanarsa və dövlətin futbol federasiyasının fəaliyyətinə müdaxilə etdiyi qənaətinə gəlinərsə, FİFA Argentina millisinin DÇ-2026-dan kənarlaşdırılması məsələsinə baxa bilər. Bu ssenari reallaşacağı təqdirdə, dünya futbolu üçün ciddi rezonans doğuracaq qərar verilə bilər.
