“Əslində, bu mərhələ Çempionlar Liqasının özündə belə həmişə çox çətin olur. Burada zəif rəqib anlayışı demək olar ki, yoxdur, xüsusilə də ilk təsnifat mərhələlərində. Ona görə də püşkatma böyük rol oynayır və bəzən bir neçə detallı fərq bütün mövsümün gedişatını dəyişə bilir”.
Bu sözləri “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.
Mütəxəssis bu gün keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatmasında “Sabah”ın potensial rəqibləri barədə də fikirlərini bölüşüb.
“Fikrimcə, Cəbəllütariq kimi ölkənin komandası düşərsə, nisbətən daha əlverişli yol ola bilər. Belə rəqiblərlə oynamaq, mərhələ keçmək daha real görünür. Digər tərəfdən, qarşılaşmaq istənilməyən komandalar sırasında İrlandiya, Uels və Finlandiya klublarını xüsusi qeyd etmək olar. Bu ölkələrin komandaları adətən fiziki gücə əsaslanan, yüksək tempdə oynayan və ev oyunlarında çox çətin rəqibə çevrilən kollektivlər olur. Xüsusilə səfər oyunlarında belə komandalarla oynamaq həmişə risk daşıyır”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Quliyev bu mövsüm avrokuboklardakə təmsilçilərimizdən gözləntilərini bölüşüb:
“Ümumi mənzərəyə baxsaq, Avropa təcrübəsinə görə, “Qarabağ” yenə də əsas ümidimizdi. Ağdam təmsilçisinin və “Sabah”ın minimum Konfrans Liqasının qrup mərhələsinə düşmək potensialı yüksəkdir. “Neftçi” və “Zirə”yə isə rəqib olacaq komandalardan çox şey asılı olacaq. Belə turnirlərdə xırda detalları düzgün idarə edən komandalar irəliləyə bilir”.
Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi “Neftçi” yarışa ikinci mərhələdən başlayacaq və rəqibini iyunun 17-də tanıyacaq.
