“Keçmiş komandam “Sabah”ı gözəl gələcək gözləyir”.
Bu sözləri “Sabah”ın sabiq futbolçusu Sofian Çakla deyib.
Mərakeşli müdafiəçi keçmiş komandası olan “Sabah”ın Azərbaycan çempionu olmasına sevindiyini bildirib. O, klubun gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirib.
“Sabah” üçün çox şadam. Bu komandaya gələcəkdə ən yaxşısını arzulayıram. Klubda yaxşı layihə var, burada peşəkar insanlar çalışırlar. Komandanın yaxşı azarkeşləri var və düşünürəm ki, gələcəkdə onlar Azərbaycanın ən yaxşı azarkeşlərindən ola bilərlər”, - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.
S.Çakla “Sabah”ın UEFA Çempionlar Liqasındakı perspektivlərini də dəyərləndirib. O, komandanın uğurlu çıxış etmək şansının olduğunu söyləyib:
“Bu futboldur və burada hər şey mümkündür. Komanda oyunlara yaxşı hazırlaşmalıdır. Hazırda “Sabah”ın keyfiyyətli heyəti, yaxşı məşqçisi var və klubda sabitlik hökm sürür. Düşünürəm ki, şanslar var. Bununla belə, iki oyundan ibarət mərhələlərdə əvvəlcədən nəsə demək çətindir. Məncə, şanslar bərabərdir”.
Hazırda Yunanıstanda çıxış edən futbolçu gələcəkdə yenidən Azərbaycana qayıtmaq ehtimalını da istisna etməyib:
“Heç vaxt “heç vaxt” demək olmaz. Azərbaycanı sevirəm. Orada yaxşı insanlar yaşayır, Bakı çox gözəl şəhərdir. Ailəmlə birlikdə iki il Azərbaycanda yaşamışam və bu ölkə ilə bağlı xoş xatirələrim var. Azərbaycan çempionatı da ildən-ilə inkişaf edir. Hazırda Yunanıstanda oynayıram, amma gələcəkdə nə olacağını heç kim bilmir. Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram”.
Qeyd edək ki, Sofian Çakla 2023-2025-ci illərdə “Sabah”da çıxış edib.
