Samir Əliyev: “Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın”

31 İyul 2026 21:21
75
Samir Əliyev: “Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın”

“İstərdik ki, “Qarabağ” mərhələni keçsin və Konfrans Liqasında da olsa, ənənəni davam etdirib liqa mərhələsinə vəsiqə qazansın”.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssisin “Futbolpress.az“a müsahibəsini nəzərinizə çatdırırıq.

– “Qarabağ” Avropa Liqasında 120 dəqiqə mübarizə apardı, amma penaltilərdə ÇSKA-ya məğlub oldu. Sizcə bu dramatik gedişin səbəbləri nə ola bilər?

– “Qarabağ”da bu il xeyli dəyişiklik olub, yeni transferlər gəlib və aparıcı futbolçuların bir çoxu komandanı tərk etdiyi üçün yeni bir kollektiv formalaşır. ÇSKA da həqiqətən möhkəm və keyfiyyətli komandadır. Fikrimcə, “Qarabağ” hər iki matçda üstün oynayaraq layiqincə mübarizə apardı. Hər kəs öyrəşib ki, “Qarabağ” daim qruplarda oynasın. Ona görə də gözləntilər böyük olur.

– Konfrans Liqasında “Dinamo” ilə keçiriləcək oyunlarda şansları necə dəyərləndirirsiniz? “Qarabağ”ın avrokubok seriyası davam edəcək?

– “Dinamo” tarixi ənənəsi olan möhkəm kollektivdir. Bildiyim qədərilə heyətlərində legionerlər azdır, daha çox gənc yerli futbolçulara şans verirlər. Onlar da Yunanıstanın PAOK klubuna uduzublar, əvvəlki əzəmətində deyillər. Ona görə də proqnoz vermək çətindir. Əlbəttə, istərdik ki, “Qarabağ” mərhələni keçsin və Konfrans Liqasında da olsa, ənənəni davam etdirib liqa mərhələsinə vəsiqə qazansın.

– “Neftçi” və “Zirə”nin çıxışları barədə nə deyə bilərsiniz? Çox azarkeş hesab edir ki, hər iki klub yaxşı oynasa da, nəticə uğursuz oldu.

– Hər iki komanda üstün oynadı, amma vəziyyətləri fərqlidir. “Neftçi” Bakıda 2:0 öndə olduğu halda 4 qol buraxıb uduzdu və özünü çətinliyə saldı. Onların “Zirə” qədər qol imkanları yox idi. “Zirə” isə həm səfərdə, həm də evdə çoxsaylı qol vəziyyətləri yaratsa da, istifadə edə bilmədi. Futbolda həqiqətən də bəxtsizlik faktoru var və bu dəfə bəxt onların üzünə gülmədi.

– “Sabah”ın rəqibi “Orhus” haqqında fikirləriniz maraqlıdır.

– “Orhus”un ilk oyunda evdə 10 nəfərlə 1:4 uduzub, Polşada belə geri dönüş etməsi rəqibin zəif olmadığını göstərir. Danimarka çempionatı bizim liqadan üstündür. “Orxus” nə “KuPS”dur, nə də TNS. Onlar daha yüksək səviyyəli rəqibdirlər, lakin “Sabah” da Azərbaycan çempionudur. Çətin və çox maraqlı oyunlar olacaq.

– Avrokuboklardakı bu performansların Premyer Liqadakı mübarizəyə təsiri necə olacaq?

– İnanıram ki, çox maraqlı çempionat izləyəcəyik. Mövsüm gedə-gedə komandalar öz oyununu tapır. Yenilənmiş “Qarabağ”, yaxşı formada olan “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”u misal çəkmək olar. Avrokuboklarda gözlənilən irəliləyişin olmaması çempionatın zəif keçəcəyi anlamına gəlmir, əksinə, klublar ölkə daxilində daha uğurlu çıxış etməyə çalışacaqlar.

İdman.Biz