“Qarabağ”ın oyununa Cəfərquliyevin qırmızı vərəqə almasına təşəbbüs göstərən hakim təyin olundu - İDMAN.BİZ-in İCMALI

31 İyul 2026 18:03
118
“Qarabağ”ın oyununa Cəfərquliyevin qırmızı vərəqə almasına təşəbbüs göstərən hakim təyin olundu - İDMAN.BİZ-in İCMALI

İngiltərəli hakim Stüart Attuellin Konfrans Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - Kiyev “Dinamo”su cavab oyununun baş hakimi təyin olunduğu məlumdur.

İdman.Biz xəbər verir ki, 43 yaşlı referi Ağdam klubuna yaxşı tanış simadır. Üstəlik, onun “Qarabağ”la əvvəlki qarşılaşmalarından biri komandanın avrokubok tarixində ən mübahisəli hakim qərarlarından biri ilə yadda qalıb.

Belə ki, 14 mart 2024-cü ildə Attuell Leverkuzendə keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” cavab görüşündə VAR hakimi kimi çalışıb. Matçın 61-ci dəqiqəsində baş hakim Entoni Teylor Ceremi Frimponqa qarşı qayda pozuntusuna görə Elvin Cəfərquliyevə əvvəlcə sarı vərəqə göstərmişdi. Lakin VAR-a cavabdeh olan Attuellin müdaxiləsindən sonra ingiltərəli referi monitora yaxınlaşaraq qərarını dəyişdi, sarı vərəqəni ləğv etdi və rəqibin açıq qol imkanının qarşısını aldığı üçün “Qarabağ”ın müdafiəçisini meydandan qovdu.

Bu qərar ciddi mübahisələrə səbəb olmuşdu. Xüsusilə Almaniyanın Kicker nəşri sonradan hakimlər briqadasının fəaliyyətini çox aşağı qiymətləndirmiş və həmin epizodda açıq qol imkanının olub-olmadığını şübhə altına almışdı. Buna baxmayaraq, azlıqda qalan “Qarabağ” 2:0 hesabı ilə irəli çıxmağı bacarmışdı. Lakin “Bayer” əlavə olunmuş vaxtda vurduğu iki qol sayəsində 3:2 hesabı ilə qalib gəlmiş, iki oyunun nəticəsinə görə 5:4 üstünlüklə 1/4 finala yüksəlmişdi.

Attuell həmin ilin 28 avqustunda yenidən Ağdam təmsilçisi ilə üz-üzə gəlib. O, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – Zaqreb “Dinamo”su (0:2) cavab matçında VAR hakimi olub. Həmin görüşdə videohakimin rezonans doğuran müdaxiləsi qeydə alınmayıb.

İngiltərəli referi bununla yanaşı, dəfələrlə azərbaycanlı hakimlərlə eyni briqadada işləyib. 2024-cü ilin oktyabrında o, baş hakimi Əliyar Ağayev olan Çempionlar Liqasının “Şturm” – “Brügge” matçında VAR briqadasının üzvü olub. 2025-ci ilin dekabrında isə Elçin Məsiyevin idarə etdiyi Avropa Liqasının “Frayburq” – “Zaltsburq” oyununda VAR hakimi kimi fəaliyyət göstərib, Əliyar Ağayev isə dördüncü hakim olub.

Daha bir maraqlı kəsişmə bu il fevralın 19-da Konfrans Liqasının pley-off mərhələsində keçirilən KuPS – “Lex” görüşündə yaşanıb. Həmin qarşılaşmanın baş hakimi Əliyar Ağayev, VAR hakimi Stüart Attuell, onun köməkçisi isə Nicat İsmayıllı olub. Finlandiya təmsilçisi həmin oyunda 0:2 hesabı ilə məğlub olub.

Bir neçə ay sonra hər iki klub “Sabah”ın avrokubok kampaniyası ilə birbaşa əlaqəli oldu. KuPS Çempionlar Liqasının II təsnifat mərhələsində Bakı klubunun rəqibi oldu və iki oyunun nəticəsinə görə məğlub oldu (0:1, 0:2). “Lex” isə III təsnifat mərhələsində “Sabah”ın rəqibi ola bilərdi. Lakin Polşa təmsilçisi gözlənilmədən Danimarkanın “Orhus” klubuna uduzdu. “Lex” ilk oyunda səfərdə 4:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə evdə əlavə vaxtdan sonra 1:4 hesabı ilə məğlub oldu. İki oyunun ümumi hesabı 5:5 olduğundan qalib penaltilər seriyasında müəyyənləşdi. “Orhus” 4:3 hesabı ilə üstün gələrək “Sabah”ın növbəti rəqibinə çevrildi.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab görüşündə Attuellin köməkçiləri İan Hassin və Nik Qrinhal olacaq. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-a isə Piter Benks və Ceyms Bell cavabdeh olacaqlar.

Bu arada avqustun 6-da Polşadakı “Arena Lublin” stadionunda keçiriləcək ilk “Dinamo” – “Qarabağ” matçı danimarkalı Morten Kroqa həvalə olunub. Onun köməkçiləri Steffen Bramsen və Viktor Skutte, dördüncü hakim Yakob Karlsen olacaq. VAR hakimləri isə Yakob Kelet və Yens Maaedir.

Kroq daha əvvəl iki dəfə “Qarabağ”ın oyunlarını baş hakim kimi idarə edib. 2021-ci ildə Ağdam təmsilçisi onun idarəçiliyi ilə Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə 2:2 hesablı heç-heçə edib. 2024-cü ilin fevralında isə danimarkalı hakim Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər oyununu idarə edib və “Qarabağ” həmin görüşdə 4:2 hesablı qələbə qazanıb.

Bundan başqa, Kroq hələ 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində keçirilən “Arsenal” - “Qarabağ” (1:0) matçında əlavə köməkçi hakim kimi fəaliyyət göstərib.

“Qarabağ” - Kiyev “Dinamo”su arasında cavab görüşü avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz