Əməkdar artist Elza Seyidcahan “Qarabağ” futbol komandası üçün himn yazıb.
İdman.Biz xəbər verir ki, müğənni bu barədə aktyor Fərda Xudaverdiyevin “O üz-Bu üz” “YouTube” verilişində danışıb.
Seyidcahan bəstənin həm sözlərinin, həm də musiqisinin özünə aid olduğunu deyib:
“Sözləri və musiqisi mənə aiddir. Özüm bəstələmişəm. Öz mahnımla bütün dünya futbolçularını təbrik edəcəyəm. “Qarabağ, bağ-bağ” şəklində yazmışam. Xüsusi geyimim də olacaq”.
Veriliş zamanı Əməkdar artistə dünya çempionatı ilə bağlı sual da ünvanlanıb. Aparıcı ondan “6 ildən bir keçirilən dünya çempionatının qalibinin kim olacağını” soruşub.
Seyidcahan cavabında Türkiyənin qalib olmasını arzuladığını bildirib:
“İstəyərdim ki, Türkiyə qalib olsun. Ötən altı illikdə də onlar finala çıxmışdılar, deyəsən. Bilirəm ki, Yaponiya qalıb, bir də zəncilər. Braziliya qalib ola bilər, ya da Messi ilə Ronaldonun komandası. İstəyərdim ki, Messinin komandası qalib olsun. Xərçəng bürcüdür. Oğlumla eyni gündə doğulub. Həm də ailəcanlıdır. Mən ailəcanlı atalara hörmət edirəm. Ronaldo da yaxşı atadır. Futbolda mənimki Peledir. Əfsanədir o”.
