“Napoli” Lukakunun transfer qiymətini müəyyənləşdirdi

31 İyul 2026 17:58
96
“Napoli” Lukakunun transfer qiymətini müəyyənləşdirdi

İtaliyanın “Napoli” futbol komandasının belçikalı hücumçusu Romelu Lukakunun yay transfer pəncərəsində komandadan ayrılması gözlənilir.

İdman.Biz “Quotidiano Sportivo”ya istinadən xəbər verir ki, Neapol təmsilçisi 33 yaşlı futbolçunun transferi üçün 10 milyon avro (19,6 milyon AZN) tələb edir. Komanda eyni zamanda heyəti və maaş büdcəsini azaltmağa çalışır.

Lukakunun “Napoli” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Hücumçunun illik ümumi maaşının 7,7 milyon avro (15,1 milyon AZN) olduğu bildirilir. “Napoli” üçün əsas məsələlərdən biri də bu məbləği maaş büdcəsindən çıxarmaqdır.

Futbolçunun agenti Federiko Pastorello Lukakunun Rasmus Höylundun əvəzedicisi rolunu qəbul etməsinin mümkün olmadığını bildirib. O, müqavilənin müddətinin artırılması qarşılığında maaşın bir neçə mövsümə bölünməsi variantına da müsbət yanaşmayıb.

“Romelu karyerasında etdikləri sayəsində bu səviyyəyə çatıb. Maaşı bölmək üçün hələ uyğun vaxt olmaya bilər. O, istənilmədiyi yerdə qalan futbolçu deyil”, - Pastorello deyib.

Lukakunun yüksək maliyyə tələbləri Avropa komandalarının transferi reallaşdırmasını çətinləşdirir. Hücumçu ilə Türkiyə komandalarının maraqlandığı, Səudiyyə Ərəbistanı və MLS variantlarının da gündəmdə olduğu bildirilir.

İdman.Biz