İngiltərə futbolunda irqçiliyə görə cəza sərtləşdirildi

31 İyul 2026 18:13
81
İngiltərə futbolunda irqçiliyə görə cəza sərtləşdirildi

İngiltərə futbolunda irqçi və digər ayrı-seçkilik xarakterli davranışlara görə tətbiq olunan cəzalar sərtləşdirilib.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) 2026/2027 mövsümündən etibarən belə hallara görə standart minimum cəzanı 10 oyunluq diskvalifikasiya müəyyənləşdirib. Yeni qaydalar futbolçular, məşqçilər və digər futbol iştirakçılarına şamil ediləcək.

Söhbət FA-nın E3.2 qaydasında nəzərdə tutulan “ağırlaşdırılmış qayda pozuntuları”ndan gedir. Buraya etnik mənşə, dəri rəngi, irq, milliyyət, din və ya inanc, cinsiyyət və əlilliklə bağlı açıq, ya da dolayı ayrı-seçkilik xarakterli ifadə, davranışlar daxildir.

Əvvəlki qaydalara əsasən, bu tip qayda pozuntuları üçün əsas cəza diapazonu altı ilə 12 oyun arasında dəyişirdi. Yeni qaydalarda isə 10 oyunluq diskvalifikasiya başlanğıc minimum cəza kimi müəyyənləşdirilir və ağırlaşdırıcı hallar olduqda müddət daha da artırıla bilər.

Bununla belə, xüsusi yüngülləşdirici hallar nəzərə alınarsa, intizam komissiyalarının daha aşağı cəza tətbiq etmək imkanı qalır. Xüsusilə yazılı və ya elektron vasitələrlə törədilmiş bəzi pozuntular üzrə istisnalar nəzərdə tutulur.

İdman.Biz
Məqalədə: