“Neftçi” və “Zirə”nin UEFA Konfrans Liqası ilə vidalaşması gözlənilməz olub”.
Bunu AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Milli komandanın sabiq baş məşqçisi “Neftçi”nin Belarus təmsilçisi “Dinamo”ya (Minsk) iki oyunun nəticəsinə əsasən yenilərək mübarizəni dayandırmasına münasibət bildirib.
“Neftçi”nin “Dinamo” səddini daha rahat keçəcəyini düşünürdüm. Komanda ilk matçın əvvəlində komanda istəkli görünürdü və 2:0 hesabı ilə irəlidə idi. Deməzdim arxayınlıq var idi. Lakin sonradan oyunçularda hərəkətlilik dayandı, sanki beyinlə ayaq arasında əlaqə pozuldu. Heyət və büdcə baxımından “Neftçi” rəqibindən üstün olsa da, bunu meydanda göstərə bilmədi. “Dinamo” isə istəyinə çatdı. Cavab matçında qol epizodları olsa da, vəziyyəti dəyişmək mümkün olmadı. “Dinamo” komanda oyunu nümayiş etdirdi”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Mütəxəssis “Zirə”nin də mübarizəni dayandırmasının təəssüf doğurduğunu vurğulayıb:
“Zirə”nin də uduzacağına inanmırdım. Estoniya futbolu ilə Azərbaycan futbolu fərqlidir. Amma hiss olunur ki, onlar inkişaf edirlər. Baltikyanı ölkələrdə büdcə az olduğu üçün gənc futbolçular xaricə üz tuturlar. “Zirə” bu matçda qol vəziyyətlərindən istifadə edə bilmədi, buraxılan səhv ucbatından qapısında qol gördü və bu səbəbdən növbəti mərhələyə adlaya bilmədi. Həm “Zirə”, həm də “Neftçi”nin mərhələ adlayacağını gözləyirdim”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında “Neftçi” Belarus təmsilçisi “Dinamo”ya (2:4, 1:0), “Zirə” isə Estoniyanın “Payde” komandasına (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.
